Yarımçıq papaqçılıq

Peşəkarlıq, peşəkar yanaşma...

Görəsən bu sözlər bizimçün nə ifadə edir?

Məncə qərbliləri bizdən ayıran ən vacib məsələdir bu. Hər bir şeyə, hətta gündəlik həyata belə peşəkar yanaşma. Peşəkar yanaşma necə olur sualın burada cavab verməyim icazənizlə. Çünkü hərzaman beynimdə dolaşan mövzulardan biri olduğu üçün yəqin ki, qısa bir yerə sığdırmağa çətinlik çəkəcəm. Sadəcə bu ifadəni izhar edim: “Həyatdakı hər bir şeyi ən yaxşı şəkildə yerinə yetirmək”.

Amma sizə yazının yazılması səbəbindən bəhs edə bilərəm.

Azərbaycanda da yavaş yavaş kiçik bir işyerindən böyüyən təşəbbüskarlarla qarşılaşırıq. Təbii ki, azad bazar iqtisadiyatının qanunudur bu. Bizdə bəzi qanunların adaptasiya olduğunu filan qoyaq bir kənara. Amma əziyətini çəkib, doğru işləri görən insanlar da şirkətini böyüdə bilirlər. Adətən bu şirkətlər Kiçik və Orta Ölçülü Şirkətlər (KOÖŞ) olaraq adlandırılır. Öyrədilən marketinq və menecmentdən çox daha fərqli yollarla idarə edilir və iş prinsipi izlənir. Bu da normaldır. Həm bazar qanunları, həm ölçü səbəbindən.

Amma əvvəl axır bu baş verir və şirkət böyüyür. Nəticədə də kitaba doğru meyl başlayır. Əvvəl “nəzəriyə ilə praktikanı qarışdırmayın” deyən insanlardan son zamanlarda nəzəri adalndırıla biləcək bilgiləri soruşması da bu səbəbdəndir. Sistemləşdirilmiş keçmiş təcrübələri öyrənmək vəziyətə nəzarət baxımından çox lazımlı olur.

Burada bir amma daha əlavə edəcəm...

Küçədə gəzərkən vəya medianı izləyərkən bir çox KOÖŞ-in müasir “takıldığını” vəya həqiqətən modern marketinq alətlərindən istifadə etdiyini görürük. Azərbaycanda son 3-4 ayda olan rebrendinqlər elə bir xeyli oldu. Amma gəl ki, bir tərəfini tutursan o biri tərəfi əldən gedir. Lövhəni dəyişirlər torbalar qalır. Mağazanı həll edirlər, depolama ibtidai üsullarla edilir. Ən əsası da ki, saytlarına baxırsan elə bil PG-dir. Gedirsən ofisə... Adamın ofis deməyə dili gəlmir. Bir nəfər vitrin variantında təhsillini ediblər şirkətin siması, amma daxildə problem baş alıb gedir. Peşəkar əsaslar sözündən belə xəbərləri yoxdur.

Türkiyədə reklamları ilə xalqın dilinə düşən Hakan Plastik-in hələ də emalatxana üsulu ilə çalışdığını eşidəndə həqiqətən qəribə gəlmişdi mənə. Artıq öyrəşmişəm. Eyni vəziyət mebel mağazalarında da keçərlidir. Kişi öz adını verir mağazaya. Deyir mən də oldum Faik Sönməz vəya Adil Işık. Bir də özünəməxsus ön dizayn. Axı bununla iş bitmir. Yarımçıq papaqçılıqdan o tərəfə keçmədiyi üçün də nəticə yarımçıq olur.

Azərbaycanda eyni problemi yaşayan şirkətlər var. Yaxın zamanlarda orta səviyəli şirkətlə artdıqca daha da olacaq. Axırda görəcəklər alınmır bir konsultanta müraciət edəcəklər. Amma baxacaqlar ki, kişinin dedikləri məlhəm olmur. Onu söyəcəklər. Amma daha bilməyəcəklər ki, o konsultantın dedikləri işin tamamına peşəkar yanaşma və kadrlara bunun sirayət etdirilməsindən sonra faydalı ola bilər.

Azərbaycan üçün seqmentasiya vaxtı

“Azərbaycanda marketinq inkişaf etməyib”, “Yaxşı marketinqçilərimiz yoxdur” tipli sözlərin həqiqətən boş olduğunu görürəm yavaş yavaş. Baxın ha, səhv demirəm, boş deyirəm. Çünkü səhv olub olmadığını hələ müzakirə eləmək olar. Amma mənasız olduğu dəqiqdir.

Marketinq deyilən şey özünü bazara görə tənzimləyir. Ona görə tullanıb-düşməyin yeri yoxdur. Heç kim də özündən Amerika icad edib “marketinqimizi xilas etmə sevda”sına düşməsin. Sadəcə vəziyəti izləyib vaxtlı vaxtında lazımi addımlar atın.

Onlardan birindən danışacam indi. Başlıq sözünü deyir hərhalda.

Belə ki, illərdir Azərbaycanda dərin bir seqmentasiya və seçilən bir mövqeləndirmənin lazımsız olduğu az da olsa ifadə olunub. Bununla razıyam. Burada 2 böyük səbəb var:

  • - Azərbaycan bazarı hissələrə bölünüb idarə ediləcək qədər böyük və geniş deyil
  • - Müstəqil Azərbaycanlı istehlakçının davranışı davamlı dəyişir.

Birinci o deməkdir ki, seqmentasiya etsən seçəcəyin seqmentlərdən hərhansı biri kifayət qədər gəlirli deyil. İkinci isə o deməkdir ki, əziyət çəkib seqmentasiya edəcəksən seçdiyin kütlə 1-2 ilə ciddi status və davranış dəyişikliyi göstərəcək. Çünkü hələ də bir istehlakçı kimi kimliyi oturnmayıb.

Amma yuxarıdakı 2 abzası keçmiş zamanda da yazmaq olardı. Azərbaycan istehlakçısı dəyişimə davam edir doğrudur. Bu mənada biraz diqqətli olmaq lazımdır. Amma artıq ayrı ayrı seqmentlər gəlirli olmağa başlayıblar. Təbii ki, bu mənada sektor və seçilən hədəf kütlə önəmlidir. Amma əvvəl heç bu da yox idi. Buna da Şükr. :)

O ki qaldı dəyişikliyə. Son 10 ildə xronolojik seqmentasiya edilsəydi istehlakçıların necə sürətlə dəyişildiyi görünərdi. Əvvəla maddi olaraq insanları vəziyəti əməlli-başlı dəyişkən olubdur. 2-3 il öncə eyni mövqedə olan insanlar arasında ciddi fərqlər var. Təhsil və mədəni səviyə, həyat tərzi kimi əsaslardan sayılan faktorlar da bu şəkildə sürətlə dəyişkənlik sərgiləyir. Forumda da sədaqət söhbətləri getdi. Bax istehlakçını sadiq müştəriyə çevirmək istəyənlər gərək bu dəyişikliyi çox yaxından izləsin. Onların düşüncələrinə nə ilə nüfuz edə biləcəyini müəyyən etmədən heç nə alınmaz.

Ayrıca bir önəmli məqam daha var. Xam bazarlarda seqmentasiya heç kimə lazım deyil. Necə ki, 7-8 il öncəyə kimi Azərbaycan bazarı tamamilə xam idi. Hazırda da dəhşətli boşluqlar var. Amma dünyanın ən lüks 10 markasından 8nin Bakıda butikinin olduğunu düşündükdə bazarımızın necə cəzbedici və hərəkətli hala gəldiyini anlamaq olar. Azərbaycanda diler və ya distribyutoru olmayan maşın markasına artıq “zəifdir” damğasını vurmaq olar. Yaxında Mazda və Jeep kimi bir neçə marka bu damğanı siləcək.

Bu isə rəqabət və yeni girənlər üçün çətinlik deməkdir. Bax bu halda artıq bazarda özünə yer tutmaq üçün seqmentasiya və mövqeləndirmə şərt olur.

Görünür ki, Azərbaycan bazarı mərhələləri bir bir keçir və şirkətləri marketinqinə daha ciddi yanaşmağa vadar edir. Bu isə təbii bir prosesin nəticəsi olaraq Azərbaycanda marketinqi gözə xoş gələn səviyəyə çatdıracaq və yaxşı marketinqçilərin peyda olmasına gətirib çıxaracaq.

Yaxın 5 il bazarda yerini tutmaq üçün çox kritikdir.

Birinə iş gördürmək

Dünya və həyat haqqında analizləri edənlər üçün əhəmiyyətli bir sual var: “Dünya və cəmiyət hansı faktorlarla tarazlanır”. “Dünya düzəni” adlandırılan mövhum üçün tarazlıq ünsürləri nələrdir?

Məncə olduqca maraqlı bir sualdır. Məsələyə hansı tərəfdən yaxınlaşılmasına əsasən fərqli nəticələr əldə oluna bilər. Kiminə görə bu barter – alış-veriş olar, kiminə görə cinsi münasibətlər, kiminə görə ierarxiyalar, kiminə görə qidalanma vs. Məsələyə ictimaiyət nöqteyi-nəzərdən yaxınlaşdıqda ən vacib ünsürün türklərin “iletişim” və “etkileşim”, ingilislərin “communication” və “interaction” dediyi – “ünsiyyət” və “qarşılıqlı əlaqə” ünsürlərinin olduğunu demək olar.

Bir ünsür də var ki, biri çıxıb tarazlıq ünsürü olan faktor kimi onu irəli sürsə heç də haqsız olmaz. Amma təbii ki, məsələyə müasir iş və ictimai həyat prizmasından baxarsa.

Belə ki...

Gündəlik həyatımızı 3ə ayıra bilərik – iş, şəxsi həyat və ailə (qohum əqraba, dostlar). Hər bir sahədə öhdəlik və vəzifələrimiz var. Onları müxtəlif şəkillərdə həyata keçiririk. İşdə bir çox kimsənin bəzi şablon işləri gördürdüyü katib(ə) və/vəya kökəmkçiləri vardır. Axşam evə yorğun gələn kişi üçün yoldaşı yeməyi hazırlar və ona isti çay təqdim edər, həftəsonu dincəlmək istərsiz və gedib alışveriş edərsiz. Burada da bir satış personalı sizinçün əşyaları aparıb-gətirər vs.

Yəni gündəlik həyatımızın hər anında bir şeylər etməli oluruq və bu işləri mümkün qədər ətrafdakılara paylayıb yükümüzü azaltmaq istərik. Müasir dünya düzənində bu məqam çox böyük vaciblik qazanıb. Səbəb isə vaxtımızın azlığı, görüləcək işlərin çoxluğu və trexnoloji inkişafla bərabər hər işi rahat həll etmə istəyi – yəni TƏMBƏLLİK!

Amma gəl ki, hamının can atdığı “başqasına iş gördürmək” məharət sayılmağa başlayıb.

Burada önəmli məqam isə işi gördürən ilə işi görən arasında münasibətdir. Məsələn iş yerində köməkçilərinizin tapşırdığınız işi görməsi vəzifəsi daxilindədir. Amma siz işinizin çox olduğu həngamədə, onun vəzifələrindən artığını edib şəhərdən sizə kitab alıb gətirməsini istəyə bilərsiz. Bax burada məsələ dəyişilir. Yaxşı idarəçi bunu etdirəndir. Amm belə olanda işgörəni buna stimullaşdıranın nə olduğunu və ən əsası bu işin arxasınca hansı motivasiya ilə getdiyi çox vacibdir. Stimullar “iş itirmə qorxusu”, “ofisdən bir müüdətliyə uzaqlaşmaq”, “kitab qiymətindən “qırpmaq” kimi hallardırsa bu heç də düzgün idarəçiliyə oxşamır.

Azərbaycanda (və elə gördüyüm qədər Türkiyədə) despot idarəçilik daha aktualdır. Səbəb isə məncə sadədir: kompleks və zəiflik. Təbii ki, milli mentalitetin də məsələyə çox dəxli var. Əsgərlik rejimi ən rahat idarəçilik sistemidir. Hamı standart şəkil və davranış göstərir və ierarxik düzən ən vacib faktordur. Bu anlayış daxilində pillələri yüksəlmək üçün əvvəlcə maymaq, orta səviyəyə keçdikdən sonra “tülkü”, əmrverən mövqeyində isə diktator olmaq lazımdır. Bu tipli təşkilatda fərqli olan hər şey və fərqlənməyə çalışan hərkəs pisdir, bürokratik rejim qanundur.

Belə olan təşkilatda sizdən altda olan hərkəsə iş gördürmək rahatdır. Amma sizinlə eyni səviyədə olan işçilərə iş gördürə bilməssiz. Bax bunu etməyin tək yolu yaxşı münasibətlər qurmaqdır. Hazırda etməyə çalışdığım məhz budur. Bizdə yarım saatlıq işi olan adicə vərəqin yerinə təslim edilməsi günyarım çəkə bilir. Bilir çünkü, buna əngəl olmaq mümkündür. Bax yuxarıda dediyimlə. Yəqin ki, Türkiyədəki və Azərbaycandakı bir çox böyük korporativləşməmiş şirkət və dövlət qurumlarında da vəziyət fərqli deyil.

Burada önəmli bir məqam var. Birinə iş gördürərkən işgörənin bayaqdan bəhs etdiyim kimi sadəcə maddi qorxu üzündən bunu etməsi ancaq iş mühitində keçərlidir. Bir də təbii ki, siz müştəri mövqeyində ikən. Amma həyat sadəcə al-sat və işdən ibarət deyil.

İndi burada bir vacib misal gətirərdim. Amma aktiv olmasa da oxucularımdan (dostlarımdan) birinə söz atmış olmuyum:). Bax o dostum kimi həyatın hər bir nöqtəsində işlərini asanlaşdırmaq üçün başqalarına “yükləyə bilmək” liderlik xüsusiyətidir və insanlara özünü qəbul etdirmiş olmağı tələb edir. Bir yaxşı söz var ki, “birindən bir şey tələb edə bilmək üçün onda kredit haqqın olmalıdır”. Güvən və hörmət qazanmaq həqiqətən çətin işdir.

Şirkətlərin sosial aktiv və dost çevrəsində lider ola bilən insanları iş həyatında tərcih etməsi və bu insanların özlərinin də iş həyatında uğurlu olması bununla sıx əlaqədardır.

Evlilikdə qadınların yoldaşları üçün çay-paltar mövzularında iş görməsi və ən əsası qadınların kişilərə hər istədikləri işi gördürə bilmələrini isə bu yazıya daxil etməyim yaxşısı budur:).

Akademik marketinq

Məclis-i mak.az – Yaz yağışında başlayan “marketinq PHDsi bir işə yaramaz” polemikası sonra forumda da davam etdirilmişdi. Təbii ki, hər bir mövzuda olduğu kimi burada da kimisə fikrinə görə qınamaq olmaz. İstənilən fikrin sahibinə görə ən tutarlısı özününküdür. Ümumi götürəndə forumumuzda marketinq doktorluğunun bir işə yaradığını iddia edənlər çoxluq təşkil etdi.

Son zamanlarda bu mövzu ilə yenidən qarşılaşdım və bir-neçə nəfərlə yenidən müzakirəsini apardım. Buna “marketinq elmdir mi?” sualına cavab axtarma məsələsi də əlavə olundu. Ümumi olaraq bütün müzakirələrin mərkəzində iki məsələ durur:
- Pul gətirməyən marketinq nə qədər dəyərlidir?
- Marketinq doktorluğunu almaq sektor karyerasında təsirlidirmi?

Bu suallara birmənalı cavab vermək mümkün deyil. Hətta müxtəlif vəziyətlər müxtəlif cavablar gərəktirəcək yəqin ki.

Amma məsələnin analizinə bir mülahizəylə başlamaq istərdim. Belə ki, marketinqdə akademik çalışma deyilən mövhumun əslində nə olduğunu və nə üçün peyda olduğunu dəqiqləşdirmək lazımdır. Çox dərinə getmək istəmirəm. Amma bircə bunu deyim ki, marketinqin professorlarının peyda olması Amerikalıların hər bir işi elmiləşdirməyə çalışmasına çox bağlıdır.

Madam ki, dünya marketinq professorları qaynayır və bu professorlar ən önəmli universitetlərdə, gələcəyin top-menecerlərinə marketinq öyrədir deməli nəsə işə yarayan bir şeydir. Amma bir şeyi unutmaq olmaz. Marketinq normativ bir ixtisas deyil. Demək olar hər bir şey müşahidə və analizə, case-case dəyişən qəraralmalara bağlıdır. Yəni bir elm kimi oturub bütün prosesləri sistemləşdirmək mümkün deyil. Yəni əslində marketinqin bütününü nəzəriyə şəklinə salmaq mümkün deyil. Kitablardakı nədir deyə soruşsaz… O keçmiş təcrübələrdir. Nəzəriyədən söhbət belə gedəmməz. Çünkü nəzəriyənin xüsusiyəti budur ki, “bu adımdı atsan bu nəticəni verər” hökmü qüvvədə olur. Amma marketinqdə hər bir case ayrı ayrı dəyərləndirilməlidir. Və eyni praktika eyni nəticələri verməz.

Marketinqin heç cür nəzəri hala salınması mümkün deyil? Həə bu mümkündür. Bax elə bu da marketinqin akademik çalışma sahəsinə daxildir. Marketinq akademisyenliyi dedikləri şey əslində araşdırmadır. Marketinq doktorları ən yüksək səviyəyə çıxsa belə marketinq qərarlarının verilməsi və caselərdə ən doğru seçimi etmədə uğurlu olmaz. Bununçün özünü o qərarları vermiş olması lazımdır. Bax bu yerdə “marketinq təcrübəsinin yoxluğu” “kabus”u özünü göstərir. Çünkü hər şeyi şablonlar və kitabla həll edən insan praktikada fərqli case-lərlə qarşılaşanda çaşıb qalar. Di gəl ki, “fil dişi qalalarına” çəkilməmiş və praktikaya faydası toxunan araşdırmalar etmiş elmi işçi dəyərli fikirlər yürütmeyi və analizləri bacarar. Bir digər mümkün qatqı isə araşdırma ilə bağlıdır. Sektordakı heç kim inkişaf etmiş araşdırma metodologiyası istifadə edən akademik işçi ilə müqayisə oluna bilməz.

Bir məsələ də var ki, araşdırmanı marketinqin hər sahəsinə daxil edirlər. Amma kim nə deyir desin bir çox mövzuda inkişaf olsa da, araşdırma hər şeyi ölçməyə qadir olmayacaq. Hər yeni gün ədəbiyata və oradan da praktikaya yeni miqyaslar – scale – daxil olur. Bu arada bu miqyas təşkil etmələr marketinqdə akademik həyatda formalaşıb praktikaya keçirilən tək məqamdır. Adeten, praktikada olanlar kitablaşdırılır və bunun adına nəzəriyə deyirlər.

Miqyaslara qayıdaq... Hər yeni gün yeni miqyas formalaşdırılsa da, bəzilərinin keçərlilik və güvənilirliyi həqiqətən mübahisəli olur, bəziləri sırf bu adda miqyas olsun deyə düzəldilir, bəziləri isə zamanla qüvvədən düşür. Amma nə olsa da, bir çox dəyişəni ölçən miqyası formalaşdıra bilməyəcəklər. Onunçün insanların həyatının tamamilə rəqəmləşməsi lazımdır.

Rəqəmləşmə demişkən. Bu mövhum da marketinqin akademik səviyəyə keçməsi baxımından dəyərlidir. Belə ki, sözlər və hərflər informasiya daşıyıcısı kimi güvənli sayılmır. Ona görə də hər bir prosesi rəqəmləşdirmə meyli var. Bunu isə etmənin ən yaxşı yolu araşdırma metodologiyasıdır.

İndi kritik bir məqama gəlirik. Pul gətirməyən marketinq dəyərlidir mi? Marketinq bir elmdir mi? Məncə marketinq bir elm deyil. Çünkü pul gətirmədiyi halda işə yaramaz. Pul gətirməsi üçünsə akademik və cah-cəlallı, bol temrinli marketinq yox sektora baxmaq lazımdır. Orada isə marketinq elmi metodla həll olunmur. Sadəcə araşdırmada, o da tamamilə olmamaq şərtilə elmi metod istifadə olunur. Elmi metod nədir?

Hipotezlər formalaşdırıb, onları sübut vəya təkzib edərək normalar formalaşdırmaqdır.

Bu isə ani qərarların gərəkdiyi marketinq üçün qəbuledilməzdir.

Biraz uzun oldu bilirəm, amma bu mövzunu bir yazıya sığdırmaq özü çətin bir işdir. Nəticə olaraq marketinqin sadəcə akademik olaraq işə yaramadığından əminliyimi dilə gətirirəm. Məncə marketinqdə nəzəriyə yox “Keçmiş təcrübələr” mövcuddur. Amma marketinqi doktorluğunu oxumaq çox böyük fayda təmin edir. Təbii ki, marketinqinin məntiqi qavramadıqdan sonra o da boşdur. Marketinqin məntiqini damarlarına qədər hiss edənlərçün də boşdur. Nəticədə doktorluq təhsilin ən yüksək səviyəsidir və öyrənməyi bacaran insanları yaxşı yönləndirir. Amma yaxşı məktəbdə. Bir də doktorluq məsələlərə geniş yanaşmağı öyrədir həqiqətən də. Yenə əlavə edirəm öyrənə bilmək istedadı olanlardan danışıram.

Yazı uzun da alınsa mövzu əksik qaldı. Müzakirə etmək olar.

Son söz – Marketinq PHD faydalıdır!

Sahiblənmə duyğusu

Tüğyan edən “Böhran” fırtınası şirkətləri əl-ayağa salıb. Kimi işçi çıxardır, kimi maaşları azaldır, kimi istehsalatı dayandırır. Fakt budur ki, mənasız bir təşviş insanları stres topuna çevirib. Bizim şirkətdə adətən stres edəcək mövzu və şəxslər tapılır. Amma bu dəfəkini haqsız da görmürəm. Müştərilər hazırda “böyükdür, mənim 3-5 qəpiyimə qalmayıb” anlayışı ilə borclarını ödəməyi gecikdirməyə çalışır. Ümumi olaraq çalışdığımız maksimum efektiv və riskə əlyeri qoymadan işləməkdir.

Bizdə daşımaçılıq böyük problemdir. Nəticədə ortasında böyük boşluqlar olan müxtəlif ölçülü yumru predmet – boru daşıyırıq. Bu isə TIR içində hava daşımaq deməkdir. Bugün həmişəki müzakirə gedirdi. Bizim departamenti müdiri maraqlı bir ifadə işlətdi: “Boruları boş-boşuna göndərməyin, hava daşımaq nəyə lazımdır axı?”. Bura qədəri normaldır. Maraqlısı isə bu ifadə idi: “Fərqi nədir o israfın xərcini kim ödəyir? Zərbə ölkə iqtisadiyatına dəyir”. Əvvəlcə biraz düşündüm. Nə var ki burda? Uzağı nəqliyat şirkəti biraz artıq qazanır. Amma sonra “dınk” elədi. Axı insan, texnika, yanacaq və zaman məsrəfi var bu işin. Eyni partiyada yarım qat artıq effektivliklə mal göndərmək olar...

Sonra düşündüm ki, departamentimizin müdürü səviyəli insan Türkiyədə özəl sektorda minlərlədir. Əlindəki imkanlar böyük də olsa nəticədə Fıratda onunla eyni ranqda 10dan çox işçi var. Demək istədiyim onun belə cəhdlərlə ölkə iqtisadiyatına qatqısı heç də hissədilən bir şey olmayacaq. Amma vətəndaşlığının fərqində olmaq ayrı şeydir.

Növbəti “nə olacaq bu millətin halı” yazımda demişdim – xalqımızda “sahiblənmə duyğusu” əksikdir. Həm də dəhşətli dərəcədə. İşlədiyimiz şirkətin məsuliyətini boynumuza götürə bilmirik. Həvəslə çalışana dəli deyirik. Dövlətin qeydinə qalmaq, xalqının malını qorumaq filandan heç danışmıram. Eqomuzdan başqa heç nə önəmli deyil. Azərbaycanda yuxarıda bəhs etdiyim səviyəli bir sektor işçisinin eyni dərdi çəkdiyini görməyi çox istərdim.

Bizdə “pul qazanmaq lazımdır” deyən hamını ağlına ilk gələn şey hansısa markanın distribyutorluğunu almaqdır. Pulları dartaq aparaq xaricə özümüzə də onda biraz götürək, uşaqlarımızın gələcəyini xilas edək, özümüzün də indisini. Millət necə tarac olur olsun nə işim var?!

Sahiblənmə duyğusu Azərbaycanlılar üçün böyük əksiklikdir. İstər işlədikləri qurumu sahiblənmək, istər yaşadığı torpağı, istər vətəndaşı olduğu məmləkəti. Sadəcə rayonunu sahiblənir bir də yan-yörəsini.

P.S. Desəz ki, ölkənin iqtisadiyatını və xalqın rifahını diri saxlayan istehsalatı bizdə reallaşdırmaq problematikdir o an susma haqqımı istifadə edəcəm. Axı bunu səbəbkarları da sahiblənmir vətəni. “Sahib olmaq” ilə “sahib çıxmaq” arasındakı incə amma, dərin fərqin fərqində deyillər, ya da fərqindədilər amma onlarçün fərqi yoxdur.

P.P.S. Orta statistik Azərbaycanlı ya qorxusu üçün çalışır, ya eqosu üçün. Üçüncü ehtimal yoxdur.

Gəlməyin...

...Evdə yır-rığışdır

Azərbaycan fəxr edəcəyi dəyərləri çox olan, - demək olar bircə üzərində yaşayan insanlarından başqa, bir məmləkətdir. İnsanlar da son vaxtlarda özünü itirir. “Müstəqillik sərxoşu” olduq desəm o da deyil. Əslində sıravi Azərbaycanlı heç bir baxımdan müstəqil deyil. Amma bu yazıda toxunmaq istədiyim mövzu bu deyil. Ümumi götürəndə dilə gətirəcəyim problemin altında məhz “bu” dursa da.

Hər bir ölkə əlində olan dəyərləri özünün tanıtımı və marketinqi üçün istifadə etməyə çalışır... vəya çalışmalıdır. Çalışanlar məlumdur. Çalışmayanlar isə məlum deyil. Məlum deyil çünkü çalışmır, özünü məlum etmək cəhdi göstərmir. İlqar Muradovla Brilyantın gedib Skruk qrupu ilə alboma çıxarması, hər olimpiyadadan 1-2 medalla qayıtmağımız və kompleks qoxan xırda-para sistemsiz addım xaricində Azərbaycanın marketinqi naminə heç bir iş görmürəm ortalıqda. Halbuki bir az əvvəl dediyim kimi çox “dəyərli dəyərlərimiz” var. Onları saymağa başlamayım.
Artıq turizm dövrüdür. Reklamımızı çəkdik nə gözəl... Amma gəl ki, bir ingilis CNN-də gördüyü reklamdan cuşa gəlib illik məzuniyətini Azərbaycan səfəri ilə keçirmək istəsə nə edəcəyik? Hava limanında enib keyfiyyətli bir otelimizə yerləşmək yetməz ki. Həmin Hyattdan çox güman onun Birmingemində də var. Azərbaycan ona gəzməli yerlər və qayıdanda şəkillərini dost-aşnaya fəxrlə göstərəcəyi məkanlar təqdim etməlidir. Elə biabırçılıq yollarımızdan başlar ki. Bakıda hər gün yeni sürpriz var. Hətta hər saat. Günorta keçdiyin yol axşam artıq tikinti üçün bağlanmış olur. Xüsusilə pik saatlarda məcbur olmadığı halda yola çıxana dəli deyirlər bizdə. “İstanbul yalan olub” deyənləri gördüm. Liman şəhəri olsaq da, dənizimizdən mədəni şəkildə istifadə etmə şansımız yoxdur artıq. Xəzər üfunətdən özü boğulur. Gəl ki, sahilində gəzmək istəyənlər. Çimərliklərimizin təmiz olduğunu demək heç mümkün deyil.

Tarixi yerlər ya baxımsızlıqdan haldan düşüb, ya da... yoxdur artıq. Söküb yerinə 200 il sonra tarixi adlandırılacaq binalar tikiblər. İçəri şəhərə belə toxundularsa daha nə demək olar. NA`nın laboratoriyasında çatdırdığı xəbərdə Sebasian Burgerin Bakı zərgüzəştlərini gördüm. Bir “Botanika bağı”mız vardı o da çox pis hala düşüb. Üstəlik Burgerin də yazdığı kimi turistlərin “yaşıl şəhər” görmək ümidiylə gəldiyi Bakı artıq çoxdan “boz”dur.

Qısası, Azərbaycana turist çağırılmasını anlamıram. Axı onlar vətənlərinə geri qayıdanda Bakını tanıdıqları insanlara çətin tövsiyə etsinlər. Hazırda Azərbaycan turistə hazır deyil. Bəlkə... Bəlkə 5 il sonra olar. O da sistemli iş getdiyi və bunun qeydinə qalındığı halda...