“Gör”-“götür” dünyasıdır...

Uzun zamandır bu mövzu ətrafında düşünürəm. “Birinə iş gördürmək” yazısı da elə uzunmüddətli düşüncələrin nəticəsində ortaya çıxmışdı. Burada da o məsələyə fərqli bir tərəfdən yanaşacam.

Əsas istinad nöqtəsi isə “alver” yox “veral” olacaq. Yəni bizim ticari anlayışdakı kimi öncə alıb sonra vermək yox, tərsi: öncə birinə nəsə vermək, sonra almaq...

Gözəl və məşhur “Verən əl, alan əldən üstündür” hədisini mütləq qeyd eləmək lazımdır. Nəinki buraya, hətta hafizəmizə də... Özü də möhkəm-möhkəm!

Azərbaycanda yaxşı bir ifadə var: “görmək”. Adətən məmurlardan eşitsək də “məni gör” ifadəsini gərək hər kəsi “görəsən”. Axı bu dünya “gör-götür” dünyasıdır. Gərək “gör”əsən ki sonra nəsə götürə biləsən.

Demək olar eyni mövzuya, fəqət fərqli bir aspektdən toxunduğum yazıda da, qeyd etmişdim ki, kimdənsə səninçün nəsə etməyini istəmək üçün gərək loru dildə desək “üzün olsun”. Bu üz də, o üzə bənzəmir. Bazarda satmırlar. Bazarda satılanlar “odnarazovıy” olduğu üçün və ikinci dəfə “qapı üzünüzə bağlandığı” üçün gərəkdi ki, həmin üzə layiq olasan. Ona layiq olmağın yolu isə “faydalı olmaq”dan keçir. Day bunun adını “vermək” də qoymaq olar, “görmək” də. Əsas odur insanlara həmin dəyəri təqdim edəsən.

Məsələn ən önəmli dəyərlərdən biri DİQQƏTdir. Müasir dünyanın əlimizdən aldığı... Daha doğrusu bizi yaxınlarımızın əlindən alan qovhaqovun və qaçhaqaçın əsas nəticəsi – ihmal. Və beləcə, əlimizdə olan və lazımi instansiyalara verməli olduğumuz, amma çox xəsislik etdiyimiz fenomenin – DİQQƏTin sehirli nəticələrindən məhrum qalırıq. Bizi tərk etməyə imkanı olmayanlar inciyir, imkanı olanlar isə ilk döngədə yolunu ayırır. Sonra da deyirik, netvörkinq...

Yuxarıdakı abzasdan ən önəmli gördüyüm məqamlardan birinə keçmək olar. Göründüyü kimi, diqqət və zaman əlimizdə olan sərmayədir. Onu istədiyimiz kimi yatırım edə bilərik. Bax birinə nəsə hədiyə almaq üçün pul qazanmaq lazımdır. Amma onun ən çətin anında yanında olmaq üçün hər şey “büdcəmiz”də mövcuddur. Qalır “təmbəlliyin daşını atmaq”. Çox məqamda əlimizdə real imkan varkən bizdən nəsə etmək tələb olunur. Bu məqamda “yenə əl çəkmirlər” ən yanlış yanaşmadır. Məhz bunlar dəyərləndirilməli olan anlardır. Xülasə, “büdcəmiz” sadəcə vaxt vəya diqqətdən, sözlərdən ibarət deyil. Büdcədəki digər aktivləri də faydalı yatırımlarda dəyərləndirmək lazımdır. ROI isə sadəcə maddi dəyərlərlə ölçülmür.

Məhz netvörkinq...

Müasir dünya və xüsusilə biznes aləminin qızıl sözü artıq budur: Netvörkinq. Elə çox yaxında bir festival keçdi... Keçdi getdi. Və məhz bu fenomen ən həlledici rolu oynadı. Lazımi şərhlər və müzakirələr lazımi yerlərdə getdiyi üçün burada məsələni sadəcə keys olaraq ələ alıram. Ələ aldıqda da görürəm ki, “burasını tuturam, orası tökülür, orasını tutsam burası”. Xülasə, böyük netvörk lazım idi. Bəlkə də çox adamı tanıyırdılar. Çox adam da onları tanıyırdı. Amma bu netvörk demək deyil ki.

Makın forumda çox tanınması ilə bağlı bir qeydə gözəl bir cavabı vardı ki, Hitleri də çox adam tanıyır. Yəni tanınmaq yox, bir zamanlar da qeyd etdiyim kimi “iş gördürəcək əlaqələrə” sahib olmaq lazımdır. Bax netvörkinq deyilən fenomen budur. Amma bu haqda daha sonra...

P.S. Bu dünyada hər kəsin bir birinə ehtiyacı var...

Ordunun marketinqi

Türkiyənin Ali Baş komandanı İlker Başbuğ bu yaxınlarda Hərbi Akademiyaların toplantısında uzun və elmi əsaslara söykənən maraqlı bir çıxış etdi. İntelekti hamıya agah olan Başbuğ Hattinqtondan, Monteskyöyə qədər bir çox alimdən sitatlar gətirdi. Çıxışın ümumi məğzi çox yerə toxunsa da, bu yazını yazmağa təkan verən məqam “Əsgər” peşəsi ilə bağlı dedikləri oldu. Əsgərliyin peşəkar bir iş olmasını elmi və tutarlı ifadələrlə dilə gətirən Başbuğ təmsilçisi olduğu qurumu sözün həqiqi mənasında marketinq etdi.

Oradan xüsusilə bir məqamı mütləq qeyd etməliyəm. Sayın Başbuğ deyir ki, əsgərlik vəzifəsi 3 instansiyaya etimad üzərində qurulub – üstlər, astlar və xalq. Bunlardan ən önəmlisi isə xalqın əsgərə və orduya güvənidir. Aparılan araşdırmalar Türkiyədə xalqın ən çox güvəndiyi qurumun məhz ordu olduğunu dəfələrlə sübut edib. Aha!

Bax budur marketinqin nəticəsi. Əslində həqiqətən də, ordunun nail olmalı olduğu ilk şey məhz xalqın etimadıdır. Bütün dünyada ordu xalqın qoruyucusu, pənah yeri, gücü vs.dir. Əsasən müsbət sifətlər...

Bəs bizdə? Bizdə orduya nə qədər güvənilir və ordu bu güvən üçün nələr edir? Bu yaxınlarda ordudakı “dedovşina” haqda görüntülər internetə buraxıldıqdan sonra onsuz “marka imici” çox aşağı olan ordu haqda nələr nələr düşünüldü görəsən. Ordu üçün ən vacib məsələ “ananın övladını orduya qorxuyla yox, fəxrlə göndərməsi”dir. O görüntülər hər şey deyil. Onsuz da, xalqın orduya getməmək üçün nələr etdiyi məlumdur. 2 gündə bir mal əti konservi, həftədə bir meyvə, 3 gündən bir yumurta yeməli olan əsgərlərimizin 1 ili 3 öyün “perlovka” ilə yola verməsi hamıya məlumdur.

Bundan sonra kanallar əsgəri birlikləri gəzib lüks menyu ilə qidalanan və səhər axşam döyüşə hazırlaşan əsgərləri göstərsə də, heç nəyə təsir edən deyil. Bu yerdə “Mənim oğlum niyə bunları görməyib” sualına cavab tapmaq mümkün deyil.

Əsgəri xidmətin məcburi olduğu hər ölkədə bu dönəm “ömürdən gündən getmiş” sayılır. Lap elə “hər türkün əsgər doğulduğu” Türkiyədə də. Amma sovet dövründə əmimi əsgərliyə necə çal-çağırla yola saldığımızı xatırlayanda və bunu ev yoldaşımın tərxisindən altı ay sonra belə əsgərlikdən kabus kimi danışmağıyla bir araya gətirəndə...

Marketinqin yaxşı məshuldan başladığını bir daha görürəm...

Halbuki, əsgərlikdə “burunun ovulmağı” hər bir Azərbaycanlı üçün çox lazımlıdır...

Inconvenient truth

Sabiq ABŞ vitse-prezidenti Al Qorun rəhbərliyi ilə çəkilmiş `Inconvinent truth` (Xoş olmayan geçəklik) filmində dünyanın müasir dövrdəki ən böyük problemlərindən olan `qlobal istiləşmə` gerçəkliyindən bəhs edilir. Amma indi sizə `Oskar` mükafatı laureatı (lap sovet üslubunda alındı) olan bu sənədli filmdən bəhs etməyəcəm.

Türkiyənin ən böyük sığorta şirkəti AvivaSA-nın Baş müdiri Meral Egemen xanıməfəndi bir müsahibəsində Türkiyədə insanların 65 yaşlı övladı üçün belə qayğı çəkməsindən, valideynlərin övladını hər zaman qorumasından vs. bəhs edir. Amma bu haqda fəxrlə danışdığını demək çətindir. Tam əksinə bunu mənfi bir məqam olaraq qeyd edir və qeyd olunan faktorun “fərdi təqaüdçülük” sisteminin inkişafına mane olduğunu irəli sürür.

Bəli! Əsl xoş olmayan gerçəklik budur: marketinq (biznes) dünyası insanların EQO mərkəzli olması tərəfdarıdır, istehlak cəmiyətini sevir! Məsələn, yeni evlənənlər ailəsinin yanında qalmağı bacarsa paltaryuyan maşın, soyuducu və buna bənzər texnika satışları yarı yarıya azalar. Hər kəs 18 yaşından etibarən sərbəst həyata qədəm qoysa öz gələcəyini özü qurmaq üçün müxtəlif yatırımlar edər. Yoxsa bizdəki kimi, ata və oğulun gələcək ilə bağlı proqramı və təminatı ata tərəfindən ortaq bir hədəf ilə müəyyən edilir.

İngiltərədə 2002-cü ildə iqtisadiyatda baş verən geriləmə ilə bağlı analizlər iki səbəbi ortaya çıxarıb: yanacaq qiymətlərinin aşağı düşməsi və insanların istehlakı azaltması. Səbəb kimi görünən məqamlar əslində problem olmasa da, real sektor ciddi zərbə görüb.

Bu məqam çox şeyi deyir. İnsanların EQO və FİZİKİ EHTİYACLAR mərkəzli olması, lazımsız alışverişlər marketinqçilərin ürəyincə olan bir şeydi. İnsanlar mənəvi olaraq doymuş olsalar yəqin ki, maliyətinin 1 manat olduğunu bildiyi çay və çizkeykə 10 manat ödəməz... Sırf bunu təqdim edən məkanın verdiyi imic və xidmətçilərin gülərüzlülüyünə...

“Marketinqin evi yıxılsın” deyəndə də qınayırsız məni...