Sahiblənmə duyğusu

Tüğyan edən “Böhran” fırtınası şirkətləri əl-ayağa salıb. Kimi işçi çıxardır, kimi maaşları azaldır, kimi istehsalatı dayandırır. Fakt budur ki, mənasız bir təşviş insanları stres topuna çevirib. Bizim şirkətdə adətən stres edəcək mövzu və şəxslər tapılır. Amma bu dəfəkini haqsız da görmürəm. Müştərilər hazırda “böyükdür, mənim 3-5 qəpiyimə qalmayıb” anlayışı ilə borclarını ödəməyi gecikdirməyə çalışır. Ümumi olaraq çalışdığımız maksimum efektiv və riskə əlyeri qoymadan işləməkdir.

Bizdə daşımaçılıq böyük problemdir. Nəticədə ortasında böyük boşluqlar olan müxtəlif ölçülü yumru predmet – boru daşıyırıq. Bu isə TIR içində hava daşımaq deməkdir. Bugün həmişəki müzakirə gedirdi. Bizim departamenti müdiri maraqlı bir ifadə işlətdi: “Boruları boş-boşuna göndərməyin, hava daşımaq nəyə lazımdır axı?”. Bura qədəri normaldır. Maraqlısı isə bu ifadə idi: “Fərqi nədir o israfın xərcini kim ödəyir? Zərbə ölkə iqtisadiyatına dəyir”. Əvvəlcə biraz düşündüm. Nə var ki burda? Uzağı nəqliyat şirkəti biraz artıq qazanır. Amma sonra “dınk” elədi. Axı insan, texnika, yanacaq və zaman məsrəfi var bu işin. Eyni partiyada yarım qat artıq effektivliklə mal göndərmək olar...

Sonra düşündüm ki, departamentimizin müdürü səviyəli insan Türkiyədə özəl sektorda minlərlədir. Əlindəki imkanlar böyük də olsa nəticədə Fıratda onunla eyni ranqda 10dan çox işçi var. Demək istədiyim onun belə cəhdlərlə ölkə iqtisadiyatına qatqısı heç də hissədilən bir şey olmayacaq. Amma vətəndaşlığının fərqində olmaq ayrı şeydir.

Növbəti “nə olacaq bu millətin halı” yazımda demişdim – xalqımızda “sahiblənmə duyğusu” əksikdir. Həm də dəhşətli dərəcədə. İşlədiyimiz şirkətin məsuliyətini boynumuza götürə bilmirik. Həvəslə çalışana dəli deyirik. Dövlətin qeydinə qalmaq, xalqının malını qorumaq filandan heç danışmıram. Eqomuzdan başqa heç nə önəmli deyil. Azərbaycanda yuxarıda bəhs etdiyim səviyəli bir sektor işçisinin eyni dərdi çəkdiyini görməyi çox istərdim.

Bizdə “pul qazanmaq lazımdır” deyən hamını ağlına ilk gələn şey hansısa markanın distribyutorluğunu almaqdır. Pulları dartaq aparaq xaricə özümüzə də onda biraz götürək, uşaqlarımızın gələcəyini xilas edək, özümüzün də indisini. Millət necə tarac olur olsun nə işim var?!

Sahiblənmə duyğusu Azərbaycanlılar üçün böyük əksiklikdir. İstər işlədikləri qurumu sahiblənmək, istər yaşadığı torpağı, istər vətəndaşı olduğu məmləkəti. Sadəcə rayonunu sahiblənir bir də yan-yörəsini.

P.S. Desəz ki, ölkənin iqtisadiyatını və xalqın rifahını diri saxlayan istehsalatı bizdə reallaşdırmaq problematikdir o an susma haqqımı istifadə edəcəm. Axı bunu səbəbkarları da sahiblənmir vətəni. “Sahib olmaq” ilə “sahib çıxmaq” arasındakı incə amma, dərin fərqin fərqində deyillər, ya da fərqindədilər amma onlarçün fərqi yoxdur.

P.P.S. Orta statistik Azərbaycanlı ya qorxusu üçün çalışır, ya eqosu üçün. Üçüncü ehtimal yoxdur.

Gəlməyin...

...Evdə yır-rığışdır

Azərbaycan fəxr edəcəyi dəyərləri çox olan, - demək olar bircə üzərində yaşayan insanlarından başqa, bir məmləkətdir. İnsanlar da son vaxtlarda özünü itirir. “Müstəqillik sərxoşu” olduq desəm o da deyil. Əslində sıravi Azərbaycanlı heç bir baxımdan müstəqil deyil. Amma bu yazıda toxunmaq istədiyim mövzu bu deyil. Ümumi götürəndə dilə gətirəcəyim problemin altında məhz “bu” dursa da.

Hər bir ölkə əlində olan dəyərləri özünün tanıtımı və marketinqi üçün istifadə etməyə çalışır... vəya çalışmalıdır. Çalışanlar məlumdur. Çalışmayanlar isə məlum deyil. Məlum deyil çünkü çalışmır, özünü məlum etmək cəhdi göstərmir. İlqar Muradovla Brilyantın gedib Skruk qrupu ilə alboma çıxarması, hər olimpiyadadan 1-2 medalla qayıtmağımız və kompleks qoxan xırda-para sistemsiz addım xaricində Azərbaycanın marketinqi naminə heç bir iş görmürəm ortalıqda. Halbuki bir az əvvəl dediyim kimi çox “dəyərli dəyərlərimiz” var. Onları saymağa başlamayım.
Artıq turizm dövrüdür. Reklamımızı çəkdik nə gözəl... Amma gəl ki, bir ingilis CNN-də gördüyü reklamdan cuşa gəlib illik məzuniyətini Azərbaycan səfəri ilə keçirmək istəsə nə edəcəyik? Hava limanında enib keyfiyyətli bir otelimizə yerləşmək yetməz ki. Həmin Hyattdan çox güman onun Birmingemində də var. Azərbaycan ona gəzməli yerlər və qayıdanda şəkillərini dost-aşnaya fəxrlə göstərəcəyi məkanlar təqdim etməlidir. Elə biabırçılıq yollarımızdan başlar ki. Bakıda hər gün yeni sürpriz var. Hətta hər saat. Günorta keçdiyin yol axşam artıq tikinti üçün bağlanmış olur. Xüsusilə pik saatlarda məcbur olmadığı halda yola çıxana dəli deyirlər bizdə. “İstanbul yalan olub” deyənləri gördüm. Liman şəhəri olsaq da, dənizimizdən mədəni şəkildə istifadə etmə şansımız yoxdur artıq. Xəzər üfunətdən özü boğulur. Gəl ki, sahilində gəzmək istəyənlər. Çimərliklərimizin təmiz olduğunu demək heç mümkün deyil.

Tarixi yerlər ya baxımsızlıqdan haldan düşüb, ya da... yoxdur artıq. Söküb yerinə 200 il sonra tarixi adlandırılacaq binalar tikiblər. İçəri şəhərə belə toxundularsa daha nə demək olar. NA`nın laboratoriyasında çatdırdığı xəbərdə Sebasian Burgerin Bakı zərgüzəştlərini gördüm. Bir “Botanika bağı”mız vardı o da çox pis hala düşüb. Üstəlik Burgerin də yazdığı kimi turistlərin “yaşıl şəhər” görmək ümidiylə gəldiyi Bakı artıq çoxdan “boz”dur.

Qısası, Azərbaycana turist çağırılmasını anlamıram. Axı onlar vətənlərinə geri qayıdanda Bakını tanıdıqları insanlara çətin tövsiyə etsinlər. Hazırda Azərbaycan turistə hazır deyil. Bəlkə... Bəlkə 5 il sonra olar. O da sistemli iş getdiyi və bunun qeydinə qalındığı halda...