Qürurun səni basınca, Sən qürurunu bas...

Yazının mövzusu ilə əlaqəsi olmayan bir giriş edəcəm. Gecə saat 3dür. Bayaqdan kitablarımı və dərs materiallarımı yerbəyer edirəm. Axıra yaxın döndüm baxdım və bu il ərxində beynimizin nə qədər yükləndiyinə bir daha əmin oldum. Nəticəsinin müsbət olacağına ümidim boldu. Elə bir qəribə hiss bürüyüb ki, bu gecənin vaxtı ömür boyu məndə alınmayan şe`r yazmağa belə hazır hiss edirəm özümü. Biraz bədii olacaq, tək siz deyil heç özüm də başa düşməyəcəm cümlənin mənasını amma belə bir hiss keçir: Çiynimdən elə bil daş götürüblər, uçmaq istəyirəm, amma ürəyim də yaman doludu, ağırlığında dayanmaq olmur.Nəysə... Qarışıq hisslər bir sözlə...

Mövzuya gələk...

Forumumuzda yeni bir trend başlayıb: reklam və kampaniyaları ortaya atıb soldan-sağa sağdan da sola tənqid döşəyirik. Forumun korrektor-redaktoru Fuad onsuz da rejissorları kameraya yaxınlaşdıqlarına peşman edir. Yaxında ya iş təklifi gələcək, ya da hansısa şirkət tərəfindən hədələndiyini eşidəcəyik deyəsən. Sözüm onda yox, biz də marketinq cəhətdən baxırıq məsələyə və reklamlar tənqidlərimizdən yan keçə bilmir. Təkcə reklamlar yox şirkətlərin təmsilçiləri də bu tənqidlərin yanından ötüb keçə bilmir. Artıq gəlib “merakımızı giderenler” də oldu. Bu prosesdə ən diqqət çəkən məsələ şirkət təmsilçilərinin hamısının eyni davranış şəklini sərgiləməmədi oldu. Nə mənada...

Deməli, pərdəni əslində Elnur Baimov açdı. Gəldi və çox açıq sözlülüklə suallara cavab verməyə başladı. Arada bəzi forumçuların qıcıqlandırıcı sualları və ona qarşı haqlı reaksiyalar olsa da, mak.az`a müsahibə də verən Editor o uğurlar və postun yanında heç özünü dartmadı və səhvləri qəbul etdi, düzləri dedi, Azərbaycanda şirkətlərin işçilərinə belə verməkdən ilan-çayan kimi qorxduğu bilgiləri bizlərlə paylaşdı. Hamı da təqdir etdi və alqışladı. day.az`ın imici, “digər işləri” filan bu yazının mövzusu deyil. Elnur bəy hörmətə layiq addımlar atdı.

Bu siftə olduğu üçün təfərrüatıyla anlatdım. Yoxsa ki, həm foruma baxmaq olar. Həm də, ümumi götürəndə vəziyətdən xalisiz. AGBank bizdə 1, digər bir forumda 4 təmsilçisiylə bütün tənqid və iradlara yarı təhqir, yarı kinayə, yarı əsəbli cavablar verib Şarm Əl Şeyxi reklamını və rebrendinqini müdfiə etdi. Adicə “Zəngin Olmaq - Haqqınızdır” ifadəsində tirenin yersiz istifadə olunduğu kimi “kor kor, gör gör” bir faktı belə inkar etdilər. Neymiş efendim “dil daim inkişafda olan substansiya imiş”miş... Yox bir nə... Sən defisi 3 nöqtə əvəzinə işlət denən ki “dili inkişaf etidiririk”.

Onu bunu bilmirəm. AGBank deyəsən sloqanı şirkət mədəniyətinə belə adaptə edir – AGBank: Təhqir edilmək haqqınızdır! Həqiqətən o böyüklükdə şirkətin təmsilçilərinin forumlarda onlara sual ünvanladıran şəxsləri belə təhqir etməsinə məna vermək çətindir.

Söhbət təkcə AGBankdan da getmir. Embavudun imic çarxını müzakirə edək dedik və Saleh bəy gəldi dedi ki “suallarınıza qapım açıqdı”. Amma sən demə qapıda bir elan varmış “marketinqçi olmayanlar girə bilməz”. Türkiyədə öyrəşmişik “Pazarlamacılar giremez” tablolarına. Deyəsən bunun acığı Azərbaycanda çıxılır. Xeyr əfəndim. Marketinqçi olmayanın fikrini daha çox önəmsəyəcəksən. Bunu etmək əvəzinə “sizin şərhlərinizə cavab vermək bizim üçün zaman itkisidir” demək... Nəysə... Allahdan Cəbrayıl bəy müdaxilə etdi və forumçulara təhqir davam etmədi.

Yaxşıyla başladıq... Yaxşıyla da bitirək. Rüfət Abbasov – Azercellin Mətbuat katibi və PR Direktor əvəzi. Forumda PR bölməsini canlandırdı, ən detal suallara belə səbrlə cavab verdi və hətta Azercellə bağlı müzakirə mövzusu istədi. Biz də onun davranışına qiymət olaraq dedik ki, “forum səmimi və təvazökar şirkət təmsilçilərinin qədrini bilir”. Azərbaycan da bilir inşallah...

Bəli qürur pis şey deyil. Mənliyini saxlayacaqsan və daim təmsilçisi olduğun şirkəti müdafiə edəcəksən. Gördüyün işin qədrini biləcəksən və kostruktiv tənqidlər destruktiv tənqidi ayırıb ikinciyə meydan oxuyacaqsan. Amma heç bir halda qarşındakını təhqir etməyəcəksən.

“Azərbaycan” və “marketinq” sözlərini yanyana gətirən hamı ya anında uzaqlaşdırır ya da arxasına “zəifdir” ifadəsini calayır. Amma belə də baxıram şirkətlərimiz “qüsursuz imiş”. Tənqidi öpüb başlarının üzərlərinə qoymaq əvəzinə təpik atırlar. Yaxşı inkişaf edəcəklər...

P.S. əvəzi: Ey Azərbaycanın biricik reklamlarında imzası olan biricik şirkətlərinin biricik təmsilçiləri! Fərda demiş “Sadə olun biraz” bir də Vüsal demiş “Qürurunuz sizi basınca, siz qürurunuzu basın”... Yoxsa... Ehhh... Nə xeyri e?

Azadlıq, Qrenuy, Ətriyatçı…

Dünən qərar verdim bloga elə bir şey yazım ki, həyatımın ən “ən”li – uzun, çox dərs oxuduğum, yorucu, dolu keçən, netə bağlandığım, yazdığım, akademik çalışdığım, darıxdığım, ürəyimin partlama həddinə çatdığı vs.vi. – ilinin – Doktorantura dərs dönəminin arxada qaldığını anlatsın. Dedim ən yaxşısı budur nə vaxtdı həsrət qaldığım “asudə vaxt fəaliyətləri”ndən birini edim və təəssüratlarımı sizinlə bölüşüm.

Dünən nəhayət ki, rəfdə ona baxmağımı gözləyən “Perfume: The Story of A Murderer” – “Ətriyyat: Bir qatilin hekayəsi” filmini seyretdim. İki dostumun yaxşıdır-pisdir təlqinlərindən özümü azad edib keçdim bilgisayarın başına. Sizə kino ilə bağlı təəssüratımı yazmaq fikrimdən daşındım. Eləcə onu deyim ki, mükəmməl bir film olmasa da, Patrik Züskindin “Ətriyyatçı” şedevrinin haqqını verməsə də, izləməyə dəyər və mən ona xərclədiyim vaxtdan peşman deyiləm. Düzü biraz 18+ idi. Amma daha Hollivud üçün norma budur.

Kono ilə bağlı tənqidə gəlincə: əsrarəngiz bir fenomen olan Qoxu ilə bağlı bir şeylər izləmək xoş idi. Həm də qəribə. Qəribə çünkü, şüşələrdəki mayelərin iyini nəfəsinə çəkən aktyorlar özündən getsə də, sən bilmirsən onları hayıl-mayıl edən nədir. Qrenuy Amorapsxiyanı mükəmməlləşdirir amma sən nə ondan xəbərdar deyilsən nə də o birisindən. Bir sözlə burnun dəli olur funksiyasını yerinə yetirə bilmədiyi üçün. Filmin başlanğıcı və sonu əla alınıb. Orta qismlərində isə biraz şablon hiss olunur. Nəysə. Gələk əsas məsələyə...

Marketinqçi deyilik? Gərək hər şeyi ona bağlayaq axı...

Əvvəla qoxunun ən əsrarəngiz fenomenlərdən biri olduğunu qeyd etmək lazımdı. Magistr diplom işim “Mağaza atmosferi” ilə bağlı olduğundan marketinq ədəbiyatına göz atmışdım. Camaat mahnıdan, fiziki faktorlardan, daddan filan elə rahat bəhs edir ki... Amma qoxu fenomeninə gələndə susurlar. Səbəb isə sadədir. Qoxu ölçülməsi və adlandırılması ən çətin hissdir. Üstəlik hamı üçün yaxşı qoxu anlayışı mövcud deyil. Hər kəsin qoxu alma hissi eyni kəskinlikdə deyil. Qrenuy fövqəlinsani, hətta üzr istəyirəm ifadəyə görə fövqəlheyvani (insan da Heyvanlar qrupuna daxildir – bax. Biologiya dərsləri) iyibilmə gücünə sahibdir. O heç. Ona araşdırmada outlier deyirlər :).

Amma deyirəm bir Qrenuyu olsa şirkətin xeyli qabaq düşərdi. Təkcə “Armani” vəya “Gucci”dən də getmir ha söhbət. Hər bir pərakəndəçi mağaza üçün. Müasir rəqabət mühitində artıq fizik göstəricilər, keyfiyət və qiymət rəqabət faktorları olaraq yetərsiz qalır. Şirkətlər şüuraltına enməyə məcburdur. Onu da etməyin ən yaxşı yollarından biri məhz rəng-musiqi-qoxu ahənglərini yaxalamaqdır. Burada da ən başlıca vəzifə düşür sonuncuya. Çükü bunu idarə etmək də hamısında daha çətindir. Nəysə... Bu uzun söhbətdir.

Yəni uzun sözün qısası – QOXU hissi vacibdir, ondan istifadə etmək isə şərtdir. Düzgün istifadə isə uğur...

Bir dənə sizə nə deyim bu Ətriyyatın sonunda bir məqamı deyir: Qrenuy dünyanın bütün insanlarını önündə diz çökdürəcək gücə - mükəmməl qoxuya sahib olsa da, özünün qoxusu olmaması, dolayısıyla şəxsiyəti olmaması dolayısıyla hər şeyə “tüpürür” və özünə ölüm hökmü çıxarır. Elə bunun kimi şirkətlərin də gərək şəxsiyəti olsun. Qrenuy kimi ikon marka olmaqdansa...

P.S. Filmi bəyəndim. Bilirsiz niyə? Çünkü bu iki saatdan artıq zaman ərzində mənə forumu və doktoranturanı belə unutdura bildi.

P.P.S. Deyirəm Qrenuy qalıcı qoxunu tapa bildi. Mən də bu dərs ilini qalıcı unutdura biləcək bir üsul tapsam...