“Bəhrə” olmasa, “Bakı Biskvit Fabriki” batardı


BBF Azərbaycana Sovet dövrünün yadigarıdır. Hələ o vaxtlardan keyfiyyətli məhsulları ilə seçilib. Müstəqillikdən sonra isə bir müddət səndələyən BBF 2000-ci illərdən sonra özünü toparladı. Son 2-3 ildə isə həm məhsul xəttini genişləndirdi, həm satış şəbəkəsini. Kənardan baxanda əla görünür. Bir ara Moskvaya ixracat cəhdi də oldu. Deyəsən bu cəhddən bir şey hasil olmadı. Çünkü rus dilində yazılarla bəzənmiş paxlavalar Bakıdakı marketləri bürüdü.

Ümumi götürəndə BBF-nin vəziyyəti əksəriyyət üçün qənaətbəxş görünür. Amma insight məlumat deyir ki, BBF heç də yaxşı olmayan maliyyə vəziyyətindədir. Daxili söhbətlər qalsın daxildə.

BBF marketinqi ilə öz “B” hərfini azdan çoxdan yerləşdirib beyinlərə. Bəs görəsən bu bilindiyi halda, niyə “Bəhrə” markası “B”sini BBF-dən kopyaladıqdan sonra, adını “Bəhrə Biskvit Fabriki”nə çevirdi? Azərbaycan istehlakçısının reklamları detalları görə biləməyəcək qədər kənardan izlədiyini bilmirlərmi? BBF-yə oxşayan bütün atributları ilə “Bəhrə”nin hər reklamının əsas hissəsinin BBF-nin təqdimatına yaradığını başa düşmürlərmi? Ən axırıncı Uğur mükafatının “gözümüzə soxulması”na isə deyəcək heç bir söz yoxdu. Reklanı ilk görəndə BBF-ni də, “Bəhrə”ni də tanıyan, reklama diqqət edən mən belə bilbordun BBF tərəfindən alındığını düşündüm. Yoldan keçən müəllim vəya fəhlənin isə o lazımsız reklam diqqətini ya cəlb etməyəcək, ya da BBF-ni xatırladacaq. “Bəhrə” bazarda sadəcə bəsit merçendayzinq və satış taktikalarını düzgün yerinə yetirir. Bu isə satışları qənaətbəxş səviyyədə saxlaya bilər. Bugün “Bəhrə” “Viteks”ini vəya “Rulemax”ını bazardan çəksə “kimsənin ruhu belə duymayacaq”. Bu isə xüsusən ləzzət vədi verən şirkət üçün ölüm deməkdir. BBF-nin illər sonra yenilənməsinin və bunu edərkən xalqın dəstəyini almasının təməlindəki iki əsas faktordan biridir bu – sevilmək! Digəri isə həqiqətən gözəl ləzzət təqdim etməkdir.

Hələliksə, öz daxilində can çəkişən amma böyük infrastruktura sahib BBF reklam və tanıtıma və... “Uğur” mükafatı satın almağa ayıra bilmədiyi pulu “Bəhrə”nin “maddi-mənəvi dəstəyi” sayəsində kompensasiya edir...

Azərbaycan reallıqları

Azərbaycanda “Azərbaycan reallıqları”ndan o qədər danışılır ki, adam daha bu mövzuya toxunmağa iyrənir. Amma bu reallıqlar ona toxunmaqdan daha ürəkbulandırıcıdır. Ona görə də, türk qardaşlarımız demiş “çivi çiviyi söker” ya da “acı acıyı dindirir”. Toxunaq ki, reallıqlar daha ürək bulandırmasın, dəyişilsin...

Bu dəfə maşın sürənlərin ya da metronun yox bazarın reallıqlarından danışmaq lazım gəldi. Bazar dediyim də, “vasmoy”un bazarı yox Azərbaycanın biznes mühitidir... bazardan fərqsiz olan biznes aləmimiz.

Azərbaycan bazarının ən böyük reallığı kənardan analiz edəndə qəribə və məntiqsiz görünməsi, əslində isə mükəmməl bir sistem kimi işləməsidir. Amma bu reallıqla bərabər bir reallıq daha var: bu sistem və onu formalaşdıran qaydalar hər gün dəyişilir. Düzü birinci reallıq hazırda yaşanan səviyyəsizlikdən narahat olanların ürəyincə olmasa da, ikinci reallıq həmin insanların ümid yeridir. Amma... bu ümidin nə qədər doğrulacağı, daha doğrusu nə vaxt doğrulacağı bəlli deyil. Qısası, Azərbaycanda bazarın qanunları dəyişir və bəzən bu dəyişiklik çox müsbət istiqamətdə gedir. Amma bu yönəlmənin nə vaxt bizi “ağ günə çıxaracağı” müəmmalı məsələdir. Hazırda sistemin açdığı qapılardan böyük miqdarlarda sərvətlər toplayanlar sabahı düşünmür... gün bank hesabını şişirtmə günüdür!!!

Azərbaycanda marketinqin və biznesin səviyəsiz prinsiplər üzərində qurulmasının təməldə bir neçə səbəbi var. Məsələn, bazarın təzə olması və xüsusən kapitalist sistemə öyrəşməməsi, dolayısıyla da bazardakı alıcıların – istehalkçının marketinq mühitindən xəbərsizliyi – savadsızlığı, bazarda rəqabətin tam yerləşməməsi, sahibkarların da biznes qanunlarına bələdliyinin istehlakçıdan irəli olmaması və ən əsası da gələcəyə olan etimadsızlıqdan dolayı bu günkü mənfəət mərkəzli biznes idarəetmə, marketinq və biznes kadrlarının da sahibkarlardan geri qalmayan qısa müddətli düşüncəsi və yanaşması, milli aclıq və acgözlük... Hələ çox şey sadalamaq olar. Amma ümumi mənzərə belədir: Sahibkar: sabaha ümid yoxdur, bugün qazan yığ! İşçilər: heç şirkət uzunmüddətli düşünmür, mənə nə gəlib – çap-tala. Son təhlil də bir dostumun dediyi kimi “səviyəsiz istifadəçiyə satmaq üçün səviyəssiz üsullarla ona çatdırılan səviyəsiz məhsullar və xidmətlər”.

Bu mövzuya davam var...