HBR son sayının üz qabığında “TRANSPARENCY” haqda bir məqalədən bəhs edilir. Jurnalı “Nezih”in rəfində görəndə iki aydan çoxdur beynimi məşğul edən mövzunun ən çox dəyər verdiyim biznes dərgisində işıqlandırılması maraqlı gəldi. Mövzu Şəffaflıq əsrində şirkətlərin idarə edilməsinin çətinliyi ilə bağlıdır. Bizə baxmayın, qərbdə şirkətlər su kimi şəffaf olmağa məcbur edilirlər. Düzdür, təbii ki, böyük brendlərə sahib şirkətlər heç də “aydan arı, sudan duru” deyil. Amma ən azından inkişaf etmiş ölkələrdə əməliyyatlarını şəffaflıq prinsiplərinə uyğun aparmaq üçün təzyiqi hiss edirlər. Gəlib bizim kimi “fəqir” ölkələrdə “qara işlərə” qarışsalar da...
Əslində “şəffaflıq” ətrafındakı düşüncələrimi çox da biznes ilə birbaşa bağlı saymaq olmazdı. 3-4 ay əvvəl bir jurnalda İngiltərədə aparılan bir araşdırmanın nəticəsini oxuyanda “Facebook”un dünyanı haraya sürüklədiyini düşündüm. Araşdırmada deyilirdi ki, 8-ci sinifədək olan şagirdlər “məhrəm” ifadəsinin məntiqsiz və lazımsız olduğunu düşünür. Facebook-un istifadəçilərini hansı istiqamətdə istehlaka yönləndirdiyini düşünün. Əsas başlıq bəlkə də “bilgi paylaşma” vəya sadəcə “paylaşmaq” olacaq. Əslində isə aşağısı dost siyahınızdakı insanlar (vəziyyətə görə “Dostlarınızın dostları”, bəlkə “Şəbəkələriniz”, bəlkə də Zukerberq müəllimi “görən” bütün şirkət və qurumlar) sizin əhavlınızı/zövqlərinizi/nəyi seyr etdiyinizi/hara getmək istədiyinizi (siyahını uzatmaq problem deyil) analiz edə bilir. Yəni türk qardaşlarımız demiş “gizlimiz-saklımız qalmır”.
Bəs Y nəslinin internetdə sosial aktivliyi ilə vüsət alan bu şəffaflıq kimə və niyə lazımdır? “Nokia”nın CMO və Vitse-Prezidenti Penttala müəllim İstanbulda Qlobal Reklam Həftəsində dedi ki, Nokia öz istifadəçilərinin telefon ilə etdiyi hər şeyi görür və analiz edir. Çəkilən şəkillərdən, danışıqlara, onlardan da Bluetooth paylaşımlarına qədər. Beləcə Nokia başqa araşdırmaya az qala ehtiyac belə duymur. Sonra da deyirik ki, bizdən niyə yaxşı markalar çıxmır?! Araşdırma deyəndə başını tutan şirkətlər və araşdırmaçı görəndə dabanına tüpürən istehlakçılar başqa nə gözləyir ki?
Təzəlikcə Birləşmiş Krallıqdan gələn dostumuz insanların şəxsi həyatın talanından şikayət etdiyini çatdırdı. İngilislər edər... Mövzu isə budur ki, bütün küçələr izləmə kameraları ilə doldurulub. Məqsəd təbii ki, terror və cinayət hallarının qarşısını almaq və baş vermiş hadisələrin üstünün daha tez açılmasına köməklik göstərməsidir. Nəticə etibarilə, bu addımlar insanları şəffaflaşmağa məcbur edir. Belə olanda da, biri durub desə ki, Facebook da həmin qurumların internetin küçələrinə yerləşdirdiyi kameralardı... Etiraz etmək olar, amma əminliklə inkar etmək çətindir.
Təbii ki, bizim kimi qapalı cəmiyyətlərdə bu mövzuların anlaşılması çox çətindir. Qərbdə isə şəffaflıq həyatın bir parçasına çevrilib artıq. Bu insanları səmimiyətə aparacaq bir yol kimi görünür. İndiki halda isə şəffaflaşdırma prosesinin istiqamət vericiləri və fikir liderləri üçün bu əhalinin daha rahat idarə edilməsi vasitəsidir. İstər alət Google Earth olsun, istər Facebook, istərsə də kredit kartları ilə edilən ödənişlərin analizləri...
0 yorum:
Yorum Gönder