Populyar mədəniyyət müasir hərəkətli dünyanın labüd gerçəkliyidir. Musiqinin “ruhun qidası” ampluasından laxlaması da elə ilk dəfə “manifactured pop – istehsal edilmiş pop” dövrü ilə başladı. 30 ildir dünyada bu fenomen mövcuddur. Bunun təməlini qoyanlardan biri şübhəsiz ki Madonnadır. Qərb son bir əsrdə hər bir şeyin öndəri olduğu kimi bu məsələdə də önə keçdi. Azərbaycanda populyar mədəniyyət sayıla bilməyəcək səviyyəsizlikdə prinsiplər işlədiyi üçün hələ ki, bizə baxmayaq.
Amma Türkiyədə inqilablardan sonra mediaya təzyiqlə qəbul etdirilən “maqazin nəşrçiliyi” yerinə çatır... iqtisadi inkişaf, fikir azadlığı və seqmentlərin formalaşması faktorlarını təsiri ilə... Hülya Avşar Türkiyədə bu eranın pionerlərindəndir. Heç şübhə yoxdur. Madonna kimi onun da yüksək intellektə və cəmiyyətdə fikir öndərliyi edə biləcək qətiyyətə sahib olduğunu görmək lazımdır. Yenə Madonna kimi o da müğənni və aktrisadır. Azərbaycanda Röyanın filmə çəkilməsi bu rolu öhdəsinə götürmək istəyi ilə birbaşa bağlıdır. Amma Röya nə edir etsin bizdə populyar mədəniyyətin əsasının qoyulmasına hələ var. Bu fikir azadlığı ilə çox çox əlaqəli bir məqamdır. Bir gün biri çıxıb Azərbaycanın Madonnası olacaq. Bu məsələ haqda gələcəkdə fikir yürütmək olar.
Türkiyədə populyar mədəniyyətin vüsət almasının 10-12 illik tarixi var. Bu cərəyanın son məhsulu isə hərhalda Beren Saatdır. Bu gözəl xanım Azərbaycanda və Türkiyədə Mahsun Kırmızıgül ilə birgə çəkildiyi “Aşka Sürgün” serialı ilə ad qazandı. Ardından “Hatırla Sevgili” və nəhayət maqazin mediasının əsas obyektlərindən biri kimi məşhurluğunu tamamladıqdan sonra “Aşkı-Memnu”. Həmin “Aşkı-Memnu” ki Azərbaycan əhalisini “Kurtlar Vadisi” ilə arasında seçim etməyə məcbur edir. Serialın ağlı başdan alan və Behlüldən əl çəkməyən “Bihter”i ötən il bir çox sorğuda Türkiyənin ən cazibədar qadını elan edildi. İndi isə Türkiyədə bir çox bilbordu bəzəyir. Özü də müxtəlif markalarla. Gah deodorant, gah çips markasının siması kimi oynayır. Bu yazı üçün araşdırma edərkən Beren Saatin yeniyetməlik dövrlərində “Tofita” reklamlarında peyda olduğunu gördüm. Qız hazırlaşırmış...
Reklamların yeni ulduzu olan Beren Saat “Kurtlar Vadisi” ilə məşhurlaşmağa başladıqdan sonra dalbadal uğurlu layihələr gerçəkləşdirib ölkənin bir nömrəli qadın aktrisasına çevrilən Özgü Namalın taxtını əlindən alıb. Çox güman 1-2 il ötməz onun da taxtını biri ələ keçirər. Elə həmin “Aşkı-Memnu”dakı Nihal - Hazal Kaya “Genco” serialı ilə diqqəti üzərinə topladıqdan sonra son layihədə də uğurla çıxış edir. Amma onda hazırda Beren Saat qətiyyəti və “dişiliyi” çatışmır. Eyni əksikliklər Özge Özberk (GORA-da Ceku) və Melis Birkanın (Issız Adam-da Ada) zirvəyə yüksəlməsinə əngəl oldu.
Mövzunu çox səpələmədən qayıdaq Türkiyədə reklamların son dövrlərdəki digər ulduzuna – ANAlar! Deyəsən hansısa araşdırma şirkəti müştərilərinin qulağına anaların cəmiyyətdə dəyərinin artdığı ilə bağlı məlumat pıçıldayıb. 1 həftə ərzində azı 10 bilbordda analara aid reklam mesajı görmüşəm. “Süfrəmizdən ketçupu əksik etməyən analarımıza təşəkkür”, “Ən yaxşı mantını analar bişirir, sonra biz” vs. Mayın ilk həftəsi qeyd edilən Analar günündən də xeyli ötüb. Maraqlıdır bu “ana faktoruna hücum” siyasəti. Bir müddət əvvəl “Coca-Cola” Azərbaycanda analar ilə bağlı reklamlar yayımlamışdı. Amma onun da səbəbi var idi – Azərbaycanda kolanın süfrələrə gəlməsi önündəki ən böyük baryer məhz analardı. “Coca-Cola” marketinq komandası isə bu problemi aşmağın unikal üsulunu düşünmüşdü. Bununla belə ciddi dəyişikliyə nail olacaqlarını sanmıram.