Marketinq menecer “meymun” ola bilməz!!!

Əvvəla başlayım onda ki, dönüb geriyə baxdıqda marketoblogun əvvəlki aktivliyindən xeyli uzaq olduğunu gördüm. Ona görə də açıb google analitycsdəki nəticələri görəndən təəccüblənməli deyiləm. Bunu nəzər alıb yaxşı bir mövzuda nəyəsə bənzəyən bir yazıyla “silkələnim” dedim.

Bu yazını uzun zamandır beynimdə formalaşdırsam da nəhayət mak.az`ın forumundakı bir mövzudan ilhamlanıb qələmə almağa qərar verdim. Bacı, narahat olma? Mövzu yaralı yerimizdi. Sən də öz tərzində baxsan məsələyə elə əla bir əsər çıxar ortaya ;).

Deməli söhbət odur ki, Azərbaycanda marketinq menecer axtaranda çalışırlar üzüyola birisi olsun ki, rəhbərliyə baş ağrı verməsin. Əslində bizdə şirkətlər elə mühəndis və IT mütəxəssisi axtaranda da eyni həvəs içində olur. Di gəl ki, onların işlərindən başları çıxmadığı üçün çox da müdaxilə şansları olmur. Bax marketinq isə başqadır. Bütün baş direktorlar marketinq dahiləridir bizdə. Onları marketinq meneceri Godin də olsa, deyəcəklər ki “sən get keçəlini qaşı”. Biz biləndir. Sən də eləcə kağız kuğuz daşı.

Bizim “savadlı və marketinqçi ruhlu” menecerlər də bu işdə sırf “CVimdə təcrübə xanası boş qalmasın” prinsipi və çürəkpulu xatirinə oturduğu üçün bu hökmə boyun əyir. İti dilli bir marketinqçi tanışım belə bir cümlə işlətmişdi: “bu dilim axırda mənim başıma bəla olacaq. Amma ki, gördüyüm şeyi deyirəm. Allah şükr heç kimdən qorxacağım da yoxdu. İşdi də buradan çıxaram, digərinə gedərəm”. Bax bu sağlam anlayış indi onun subaylığı iləmi bağlıdır? Məncə qətiyən.

Amma gəl ki, Azərbaycanda bu cəsarətə sahib marketinqçi faiz etibarilə bütün marketinq işçilərinin, hətta menecerlərin 5 faizi belə olmaz. Halbuki bizim kimi özündən razı, və kənarda “yekə yekə danışan” millət də yoxdur.

İndi biraz da başlığa açıqlama gətirək.

Bildiyiniz kimi xalq arasında “meymun olmaq” deyilən bir qismən qeyri etik ifadə var. Mənası da ki, “onun bunun sözüylə oturub duran” kimi bir şeydir. İndi bununla həhalda yuxarıda yazılanları tutuşdursaq ortaya nəsə bir fikir çıxar yəqin ki.

Biraz hətta əsəbiləşib “ayə doğurdan e, istehsalatdan tutmuş mühasibəyə qədər hər departamentə “burnunu soxa bilməli olan” marketinq menecer necə meymun edilə bilər e?! Onda onun işi nə olur? Marketinq menecer dediyiniz şəxs belə olanda yəqin ki kreslosundan da tərpənmir. Halbuki o həftənin 2 günü yumuşaq yerində otursa çoxdur hətta. Çıxmalıdı şəhərdə satış məntəqələrini görməlidir. Satış personalının marketinq anlayışına uyğun davranıb davranmadığını monitorinq etməlidir. İstehsalatda qablaşdırmanın rənglərində markaya uyğunluq gözlənilmirsə etirazını dilə gətirməlidir...” vs. də deyi bilərik. Di gəl ki, Azərbaycanda əsəbiləşmək yox gedib bunu baş direktora ya da şirkətin sahibinə anlatmaq lazımdır. Anlata bilirsənsə təbii ki...

Yaxınlarda bir uzaqdan uzağa tanıdığım və xarakteristikasını öyrəndiyim, əcnəbi şirkətlərin distribyutorluqlarıdan birində çalışan marketinq direktor vəzifəsindən azad edilib. Özü də qərarı baş ofisdən gələn şəxslər verib. Halbuki bağlı olduğu baş direktor onda olduqca razı imiş. Olacaq da. Uşaq o qədər fağırdır ki, heç bir dediklərini iki etməyib. Həmişə elə o baş direktoun sözüylə oturub durub. Amma şirkətin parlaq görünən marketinq işinin zəif getdiyini görmək də mümkündür. Əcnəbilərlə məsələyə yanaşmadakı fərq qardaşın yeni iş axtarışını labüdləşdirib. Amma Azərbaycanda hələ bir müddət də elə marketinq direktora ehtiyac duyan müdürlər olacaq. Nə bilim vallah ürək ağrısı...

Bu meymun məsələsinə biraz da “izyuminka” qatım. Məşhur “3 meymun” obrazını bilirsiz: “görmürəm” deyən Mizaru, “eşitmirəm” deyən Kikazaru, “heç nə bilmirəm” deyən İvazaru. Bax elə bizim marketinq menecerlərin əksəriyəti də belə davranır: kardı, kordu, laldı. Onlar meymun olmağa razıdırlar.

P.S. Yaponlar bağışlasın da daha. Bu “3 meymun”un simvolikasın biraz adaptasiya elədik :)

2 yorum:

Adsız dedi ki...

heeee, bu da bir problem.. bizde marketing, arashdirma da daxil bashdan ayaga problemdi:( marketing managerler var ki sadece image xetrine ishleyirler, onda elbette ki kar, kor ve lal olacaglari ki ishlerini itirmesinler. Ama dili bashina bela olanlar ise dozmeyib ozleri gedirler.. cox umid edirem ki hec olmasa 5-6 ilden sonra bash direktorlarin marketing managerler munasibeti deyishecek

Rüstəm Məmmədov dedi ki...

burada ən əsas çatışmaazlıq elə marketing təhsili olmayan Marketing Managerlərin çoxluğundadır. Mən ümumiyyətlə o fikirlə razı deyiləm ki, "marketing təhsili olmayandan marketing manager olmaz". Olar, özü də əla. Amma, gərək özünü yetişdirsin.

Marketing təhsili olmayan marketolog nə tələb edə bilər? Heç nə! Edə bilməz, çünki, heç nə tələb edəcəyini və özünün nə işlə məşğul olmağının təlimatlarını bilmir. Direktor yazıq nə bilsin ki, marketing manageri nə iş görməlidir. Mən demirəm ki, bu bütün şəxslər və şirkətlər üçün realdır, ancaq əksəriyyətinə bu da var.

Düzələcək əlbəttə, düzələcək, tək ona görə yox ki, savadlı Marketing Managerlər çıxacaq ortaya, həm də ona görə ki, savadlı və nə işlə məşğul olmalı olduğunu bilən direktorlar çıxacaq ortaya. Elə bilirsiniz direktorlar elə öz işlərini görürlər hələ bir Marketingə də xırdalığa qədər müdaxilə edirlər? Yox əlbəttə, direktor da özünün görməli işi qoyub kənara gözünə asan görsənən və reklam deyə bildiyi işə baş qoşur.

Hörmətlə,