Ordunun marketinqi

Türkiyənin Ali Baş komandanı İlker Başbuğ bu yaxınlarda Hərbi Akademiyaların toplantısında uzun və elmi əsaslara söykənən maraqlı bir çıxış etdi. İntelekti hamıya agah olan Başbuğ Hattinqtondan, Monteskyöyə qədər bir çox alimdən sitatlar gətirdi. Çıxışın ümumi məğzi çox yerə toxunsa da, bu yazını yazmağa təkan verən məqam “Əsgər” peşəsi ilə bağlı dedikləri oldu. Əsgərliyin peşəkar bir iş olmasını elmi və tutarlı ifadələrlə dilə gətirən Başbuğ təmsilçisi olduğu qurumu sözün həqiqi mənasında marketinq etdi.

Oradan xüsusilə bir məqamı mütləq qeyd etməliyəm. Sayın Başbuğ deyir ki, əsgərlik vəzifəsi 3 instansiyaya etimad üzərində qurulub – üstlər, astlar və xalq. Bunlardan ən önəmlisi isə xalqın əsgərə və orduya güvənidir. Aparılan araşdırmalar Türkiyədə xalqın ən çox güvəndiyi qurumun məhz ordu olduğunu dəfələrlə sübut edib. Aha!

Bax budur marketinqin nəticəsi. Əslində həqiqətən də, ordunun nail olmalı olduğu ilk şey məhz xalqın etimadıdır. Bütün dünyada ordu xalqın qoruyucusu, pənah yeri, gücü vs.dir. Əsasən müsbət sifətlər...

Bəs bizdə? Bizdə orduya nə qədər güvənilir və ordu bu güvən üçün nələr edir? Bu yaxınlarda ordudakı “dedovşina” haqda görüntülər internetə buraxıldıqdan sonra onsuz “marka imici” çox aşağı olan ordu haqda nələr nələr düşünüldü görəsən. Ordu üçün ən vacib məsələ “ananın övladını orduya qorxuyla yox, fəxrlə göndərməsi”dir. O görüntülər hər şey deyil. Onsuz da, xalqın orduya getməmək üçün nələr etdiyi məlumdur. 2 gündə bir mal əti konservi, həftədə bir meyvə, 3 gündən bir yumurta yeməli olan əsgərlərimizin 1 ili 3 öyün “perlovka” ilə yola verməsi hamıya məlumdur.

Bundan sonra kanallar əsgəri birlikləri gəzib lüks menyu ilə qidalanan və səhər axşam döyüşə hazırlaşan əsgərləri göstərsə də, heç nəyə təsir edən deyil. Bu yerdə “Mənim oğlum niyə bunları görməyib” sualına cavab tapmaq mümkün deyil.

Əsgəri xidmətin məcburi olduğu hər ölkədə bu dönəm “ömürdən gündən getmiş” sayılır. Lap elə “hər türkün əsgər doğulduğu” Türkiyədə də. Amma sovet dövründə əmimi əsgərliyə necə çal-çağırla yola saldığımızı xatırlayanda və bunu ev yoldaşımın tərxisindən altı ay sonra belə əsgərlikdən kabus kimi danışmağıyla bir araya gətirəndə...

Marketinqin yaxşı məshuldan başladığını bir daha görürəm...

Halbuki, əsgərlikdə “burunun ovulmağı” hər bir Azərbaycanlı üçün çox lazımlıdır...

2 yorum:

maNIKA dedi ki...

Bu mövzunu çoxdan oxumuşam, amma yaza bilmirdim 1 şeylər. Nəinki "marketinqi", bütün sahə özü acınacaqlı vəziyyətdədir təəssüf ki.

Vüsal Qəmbərov dedi ki...

Elə marketinq hər şeydir də bəs... Ya da hər şey marketinqdir :)