Uzun zamandır bu mövzu ətrafında düşünürəm. “Birinə iş gördürmək” yazısı da elə uzunmüddətli düşüncələrin nəticəsində ortaya çıxmışdı. Burada da o məsələyə fərqli bir tərəfdən yanaşacam.
Əsas istinad nöqtəsi isə “alver” yox “veral” olacaq. Yəni bizim ticari anlayışdakı kimi öncə alıb sonra vermək yox, tərsi: öncə birinə nəsə vermək, sonra almaq...
Gözəl və məşhur “Verən əl, alan əldən üstündür” hədisini mütləq qeyd eləmək lazımdır. Nəinki buraya, hətta hafizəmizə də... Özü də möhkəm-möhkəm!
Azərbaycanda yaxşı bir ifadə var: “görmək”. Adətən məmurlardan eşitsək də “məni gör” ifadəsini gərək hər kəsi “görəsən”. Axı bu dünya “gör-götür” dünyasıdır. Gərək “gör”əsən ki sonra nəsə götürə biləsən.
Demək olar eyni mövzuya, fəqət fərqli bir aspektdən toxunduğum yazıda da, qeyd etmişdim ki, kimdənsə səninçün nəsə etməyini istəmək üçün gərək loru dildə desək “üzün olsun”. Bu üz də, o üzə bənzəmir. Bazarda satmırlar. Bazarda satılanlar “odnarazovıy” olduğu üçün və ikinci dəfə “qapı üzünüzə bağlandığı” üçün gərəkdi ki, həmin üzə layiq olasan. Ona layiq olmağın yolu isə “faydalı olmaq”dan keçir. Day bunun adını “vermək” də qoymaq olar, “görmək” də. Əsas odur insanlara həmin dəyəri təqdim edəsən.
Məsələn ən önəmli dəyərlərdən biri DİQQƏTdir. Müasir dünyanın əlimizdən aldığı... Daha doğrusu bizi yaxınlarımızın əlindən alan qovhaqovun və qaçhaqaçın əsas nəticəsi – ihmal. Və beləcə, əlimizdə olan və lazımi instansiyalara verməli olduğumuz, amma çox xəsislik etdiyimiz fenomenin – DİQQƏTin sehirli nəticələrindən məhrum qalırıq. Bizi tərk etməyə imkanı olmayanlar inciyir, imkanı olanlar isə ilk döngədə yolunu ayırır. Sonra da deyirik, netvörkinq...
Yuxarıdakı abzasdan ən önəmli gördüyüm məqamlardan birinə keçmək olar. Göründüyü kimi, diqqət və zaman əlimizdə olan sərmayədir. Onu istədiyimiz kimi yatırım edə bilərik. Bax birinə nəsə hədiyə almaq üçün pul qazanmaq lazımdır. Amma onun ən çətin anında yanında olmaq üçün hər şey “büdcəmiz”də mövcuddur. Qalır “təmbəlliyin daşını atmaq”. Çox məqamda əlimizdə real imkan varkən bizdən nəsə etmək tələb olunur. Bu məqamda “yenə əl çəkmirlər” ən yanlış yanaşmadır. Məhz bunlar dəyərləndirilməli olan anlardır. Xülasə, “büdcəmiz” sadəcə vaxt vəya diqqətdən, sözlərdən ibarət deyil. Büdcədəki digər aktivləri də faydalı yatırımlarda dəyərləndirmək lazımdır. ROI isə sadəcə maddi dəyərlərlə ölçülmür.
Məhz netvörkinq...
Müasir dünya və xüsusilə biznes aləminin qızıl sözü artıq budur: Netvörkinq. Elə çox yaxında bir festival keçdi... Keçdi getdi. Və məhz bu fenomen ən həlledici rolu oynadı. Lazımi şərhlər və müzakirələr lazımi yerlərdə getdiyi üçün burada məsələni sadəcə keys olaraq ələ alıram. Ələ aldıqda da görürəm ki, “burasını tuturam, orası tökülür, orasını tutsam burası”. Xülasə, böyük netvörk lazım idi. Bəlkə də çox adamı tanıyırdılar. Çox adam da onları tanıyırdı. Amma bu netvörk demək deyil ki.
Makın forumda çox tanınması ilə bağlı bir qeydə gözəl bir cavabı vardı ki, Hitleri də çox adam tanıyır. Yəni tanınmaq yox, bir zamanlar da qeyd etdiyim kimi “iş gördürəcək əlaqələrə” sahib olmaq lazımdır. Bax netvörkinq deyilən fenomen budur. Amma bu haqda daha sonra...