Bu yazım təxminən il yarım əvvəl Azərbaycan Marketinq jurnalında yayımlanıb. Aygünün blogundakı yazıyla əlaqəsi olduğu üçün planıma daxil olmadığı halda bura əlavə etmək qərarına gəldim. Yazıya heç bir redaktə olunmadığı üçün bilgilər biraz köhnə ola bilər...
Müştərilərin kral olmasıyla bağlı ‘əfsanə’ni hamınız eşitmisiz. Bu qəbildən tarixə düşən ilk sözlərdən biri Hindistan tarixinin dahi lideri Mahatma Qandi tərəfindən deyilib: ‘Müştərilərin istəkləri şirkətlər üçün önəmli olmalıdır. Onlar öz fəaliyyətlərini müştərilərə görə təşkil etməlidir. Bunu etməyənlər batmağa məhkumdur’.
Ötən əsrin ilk yarısında söylənmiş bu vəcizə hərhalda çox istehsalçının yuxudan oyanması üçün yetərli olmadı. Bu da normaldı. Çünkü hələ istehsalı əlində cəmləşdirənlərin nəinki krallığı, hətta diktatorluğu dövrü yaşanırdı.
Marketinqin bir elm kimi inkişafıyla bərabər, təxminən son 30 ildə ‘müştərini krallığı’ təsdiqlənməyə başlandı. Amma çox mütəxəssislər bu iddianın səmimiliyinə inanmırdı (onların haqsız olduğunu demirəm ha…). Hətta bəziləri ‘Çılpaq Kral’ romanını xatırladı.
Amma…
Müştəri layiqli yerinə qoyulmağa başlayır. Hətta portretin tamamlanması üçün tacı da başına qoyulur. ‘Times’ jurnalının ənənəvi ‘ilin adamı’ sorğusu bu il sürpriz nəticəylə sonlandı. Dərgi internet istifadəçiləri və istehlakçıları nəzərdə tutaraq 2006’nın personası olaraq ‘Siz’i elan etdi.
Bəli…
Çox rahatlıqla 2006’nı ‘istehlakçıların ili’ adlandırmaq olar. İnternet texnologiyaları və beynəlxalq şəbəkələrin inkişafı müştəriləri layiq olduğu yerə – marketinq əməliyyatlarının mərkəzinə - yerləşdirdi. Rəqabət üstünlüyü əldə etmək üçün tez-tez istehlakçıların düşüncələrinə mürəciət edən, hətta bəzən onların istehsal prosesinə inteqrasiyasını təşkil edən şirkətləri çox görmüşük. Son iki ildə isə inqilabi yeniliklər oldu.
Zirvə!!!
İstehsal özünün də xəbəri olmadan istehlakçının özünə etdirildi. Deyəcəksiz ki, bir nəfər istehsal edirsə o artıq istehlakçı deyil, istehsalçı olur… Xeyr!
Təbii ki, dünyanın informasiya çağını yaşamasına rəğmən istehsalı hələ də fiziki bir proses olaraq görəndə bunu anlamaq çətin olur. Amma Dünyadan Aya, Marsa köçməyin yollarını axtaran adəmoğlu yeni məkan tapdı – internet.
ABŞ’da bir evin qarajında qurularaq il yarımda dünyanın ən populyar saytlarından birinə çevrilən youtube.com’u eşitmiş olarsız. Həvəskar istifadəçilərin 56 kb/s sürətli internetə möhtac olduğu bir ölkədə video izləmə saytının reytinqinin yüksək olmasını gözləmirəm də. Amma yenə də saytda axtarış verəndə Azərbaycanla əlaqəli yüzlərlə görüntünün ortaya çıxması təsəlli vericidir.
Bəs youtube.com’un qurulanda 1 il 6 ay sonra Google tərəfindən 1,6 milyard dollara satın alınmasına gətirən amillər nə idi?
Çox sadə… youtube.com üzvü olan hərkəsə videolarını sayta yerləşrimək imkanı təmin etdi. Beləcə Bakıdan internetə əlavə olunan görüntü Sidneydə rahatlıqla izlənə bilir. E-Poçtla böyük həcmli faylların göndərilməsindəki çətinlik, məşhurlaşmaq şansı, daha sonra saytın rəqabət məkanına çevrilməsi kimi sıralayabiləcəyimiz daha bir çox amil və… youtube.com google tərəfindən satın alınanda gündə 800000 videonun izləndiyi səhifəydi.
youtube.com’un yaradılmasının tarixçəsi isə lap novellaları xatırladır. Steve Chen, Chad Hurley və Jawed Karim şənlikdə çəkdikləri videoları dostlarına göndərməli olur. Faylların böyük olması poçtla göndərilməsinə əngəl olub. Belədə cütlük yeni sayt quraraq videolarını oraya yükləyib. O görüntülər youtube.com’la internet istifadəçilərinə çatdırılan ilk videolar olub… youtube.com bugünlərdə gündəlik 1 milyon izlənmə ortalamasına çatıb ya da həndəvərində dolaşır…
Əslində youtube.com ilk video izləmə saytı deyil. elRellano.com 4-5 ildir fəalliyətdədir və saytda saysız-hesabsız gülməli video var. Amma bir fərqlə – elRellano.com’dan videoları kompüterə endirmək olur. youtube.com isə istifadəçilərinə bu haqqı vermir (hərgah bəziləri bunun da çarəsini tapmış olsa da).
Əsas fərqlərdən biri də elRellano.com’un əsasən gülməcələrlə tanınmasıdı. youtube.com’da isə hər cür (cinsi tərkibli olmayan) video izləmək olur: musiqi, kino, gülməcə, idman, yeri gəldi anlamsız ev çəkilişləri, yeri gəldi resmi və iş toplantılarından görüntülər. Səddam Hüseyinin asılmasının ertəsi edamı seyr etmək istəyənlər youtube.com’a axın etdi.
Google youtube.com’u aldıqdan sonra ‘mayanı’ çıxarmaq üçün ciddi adımlar atdı. Əvvəllər çox rahatlıqla reklamlarını sayta yerləşdirən firmalar əngəlləndi. Amma bəzən vebmasterlərin də əngəl ola bilməyəcəyi məqamlar olur.
İtaliyada iki gənc ölkənin müxtəlif şəhərlərini gəzərək etdiklərin anlamsız və ‘şit’ hərəkətləri kameraya çəkib youtube.com’ yerləşdirirmiş. Öz isləyici kütləsi olan gənclərdən biri videoların birində saqqız şarını BMW’nin reklam tabnlosunun önündə partladır. Bu məqam ‘Proctor&Gamble’ın diqqətini çəkir. Şirkət məsulları gəncləri çağıararaq onların müxtəlif ölkələri gəzərək şlirkətin bu hərəkətləri məhsullarının reklamının olduğu tabloların önündə etmələrini istəyir. İki gənc bu sayədə həm varlanır, həm məşhurlaşır, həm də dünyanı gəzmək şansı qazanır.
youtube.com’u reklam məcrası kimi bəlkə də ən effektiv istifadə edən ‘Mentos’ oldu. Keçən il görülməmiş bir kampanya başladan ‘Mentos’ istehsal etdiyi konfetlərin ‘diet kola’ ilə dolu şüşəyə atılması halında ‘kola fəvvarəsi’ əmələ gətirdiyini elan etdi. Bunu həyata keçirib videolarını şirkətə göndərənlərə ‘mentos’ köynəkləri hədiyyə edildi. Bununla bərabər əyləncəli gecələr təşkil olundu. Bu qədər maraqlı videonun gedəcəyi yer isə bəlli idi - youtube.com. səhifədə ‘mentos’ yazaraq axtarış verəndə 12000?? video ortaya çıxır. Əslində deyilənə görə bu eksperimənti həyata kəçirənlərin sayı 1 milyonu (!!) keçib – FANTASTİKA!!
Yuxarıda sadaladığım örnəklərdən də ilham alan ‘Adage’ ilin reklam agentliyi sorğusunda da istehlakçıları qalib etdi. Dünya reklam icitmaiyyətini bir araya gətirən ən böyük jurnal və portal (adage.com) ‘en yaxşı reklam mənim müştərimdir’ prinsipinin təsdiqini tapdığına işarə vurur.
Reklamlara etimadın sıfıra doğru getdiyi günümüzdə ən gözəl reklam və tanıtım elə istehlakçı edə bilər. Artıq bilincli istehlakçıların satın alacağı bir şey haqda güvəndiyi digər alıcılardan bilgi aldığı məlumdur.
Hazırda bu tipli müzakirələrin ən qızğın şəkildə getdiyi məkan da yenə internetdədir - bloglar... şəbəkədə minlərlə fərqli formatda və mahiyətdə bloglar var: özəl maraq dairəsi blogları, məşhur şexsiyyətlərin blogları, konkret bir mövzu üçün bloglar, kitabların blogları vs.
Türkiyə də bloglar mövzusunda çox inkişaf edib. İstanbulun gözəl ləzzət məkanlarını gəzməyi xoşlayan bir xanım gəzdiyi restoran, çayçı, qəhvəxana, kafelər haqqında təəssüratlarını çox üzvlü bloglardan birində paylaşırmış. Ondan təsirlənənlərin çox olduğunu görən bir –tatlıcı-? qadını dəvət edib. Gözəl qulluq və təamların ardından bir miqdar da nəğd pul qarşılığında restoran sahibləri ondan özləri haqda bəhs etməyi istəyib.
Bəli bu tipli örnəklər saymaqla bitməz. Və çox güman da getdikcə artacaq. Artıq dövrlə ayaqlaşan şirkətlər istehlakçını istehsal, tanıtım, reklam proseslərinə daxil edirlər. Özü də bundan həm istehsalçı məmnun qalır, həm də şirkət… Yəni kral tacına qovuşur!
İstehlakçıların istehsalları
· ‘Times’ jurnalı 2006’nın ən təsirli 100 şəxsi arasında wikipedia.com’un qurucusu Coni Uelsin də adını daxil etdi. wikipedia.com internet ensiklopediyasıdı. Əsas özəlliyi isə (təxmin etdiniz hərhalda) bilgilərin üzvlər və qeyri-üzv olan istifadəçilər tərəfindən əlavə olunmasıdır. Saytda 185 dildə milyondan çox maddə var. Bu arada fürsətdən istifadə edərək sizi bu sayta bilgi yerləştirməyə dəvət edirəm.
· İnternet şəbəkəsi üzərindən oynanılan oyunlardan xəbəriniz var. Ötən il bunlara yenisi əlavə olundu və ən böyük partlayışı gerçəkləştirdi – secondlife. Oyun istifadəçilərinə ikinci bir həyat qurma şansı təmin edir. Bu dünyada fəhlə olanlar orada şirkət CEO’su omağın ləzzətini yaşayır. Oyunun öz pul vahidi var – Linden Dollar. Yaxında LD ABŞ dollarının ikiqatına yüksəldi…
· Danimarkanın oyuncaq şirkəti ‘Lego’ saytında müştəriləri üçün bölmə açaraq onlardan fiqurlar tələb etməyə başladı. Göndərilən fiqurlar bəyənildiyi təqdirdə istehsal edilir. Göndərdiyiniz fiquru daha sonra satışda gördüyünüzdə keçirəcəyiniz hissi düşünün…
· Bir zamanlar radiolarda 5 dəqiqəlik teatrlar səsləndirilirdi. İndi buna rast gəlmək demək olar mümkün deyil. Müasir versiyada yenidən gündəmə qayıdan bu format hazırda ‘podkast’ adlanan qısametrajlı səs yazılarıyla internetdə dolaşmaqadadır. Məşhur şəxslərin gündəlik həyatı, marketinq qurularının seminarları, yemək bişirmə tərifləri vs. bu şəkildə istifadəçilər arasında gəzir.
· Türkiyədə ‘Kirpi’ jurnalı yoxdu amma ‘Ekşi sözlük’ var. Bu ‘turş lüğət’in işi isə insanları ‘iynələməkdir.’ Burada hər ifadənin lüğətdəki mənası və ardınca yazarın şərhi (çox vaxt tənqidi) verilir. ‘Ekşi sözlük’ün də əsas xüsusiyyəti bilgilərin istifadəçilər tərəfindən qoyulmasıdır.
Kaydol:
Kayıt Yorumları (Atom)
9 yorum:
En maraqlı meqam ise bu yazının Marketinq jurnalında yayımlanmasıyla AZERBAYCANIN İLK MARKETİNQ BLOGUnun ortaya çıxmasının texminen eyni vaxtda olmasıdı:)))
Salam adaş.
Bir sualım var:
- Bilmirsən, biz niyə hələ də bloqlarınmıza qarşılıqlı keçidlər yerləşdirməmişik?
Sayğımla...
Salam Adaş
Cavab: Bele baxanda ki men yerleşdirmişem:))
Salam Vusallar...indi sizin hansiniz hansinizsiniz? :))
Araya bir nefer buraxib sora yazin daa:))
Neyse, Azerbaycanin Ilk Marketing blogu ile eyni gunde yayinlanibsa yazi, vardir mutlaka bir hikmeti Vusal:)))
Ela yazidi, hech Azerbaycanin Ilk marketing blogunda opmur boyu senin yazilarin qeder yaxshi yazi yayinlanmayib...
Rüstem bu uzun ve darıxdırıcı yazını sebrle oxuduğun üçün sağ ol. Amma ki o müqayisenin heç yeri yoxdu... Anket keçirecem axırda sübut edecem ki senin blogun daha çox beyenilir:) Ondan sonra yeqin dayandırarsan müqayiseni:))
Anket kechirmeyinize ehtiyac yoxdur.. Chunki, menim bloqum ikinizinkinden de chox beyenilir:))))
Bashqa cur ola biler? Indi kim eksini deye biler axi, bu bayram erefesinde:)))???
Aygün bizim ne heddimize senin blogunla müqayiseye girişek:)) Biz nacizane bir-birimize digerinin blogunun daha maraqlı olduğunu sübut eleme derdindeyik:))
Zarafat edirdim ha, Vusal..Ciddiye almayin..
Salam.
Aferin! Maraqlı ve axıcıdır!
Yorum Gönder