Marketinqsiz satış, satışsız marketinq

Bir həftədir ağlımda fıralanan bu cəzbedici başlığı yazıb oturmuşam. Son zamanlardakı adəti halım üzrə yenə giriş cümlələrini yazıb sildim. Ona görə də bu mənasız girişə görə üzrlü sayın.

Əslində bu yazıda yazmaq istədiyimi qismən başlıq sizə çatdırır.

Biri deyir olar, digəri deyir olmaz. Mənsə nə ona, nə buna qulaq asmadan istəyirəm ki, marketinqsiz də satışın gerçəkləşə biləcəyinə dair və satış gətirməyən marketinqin nə xeyri olduğuna dair mövzularda mülahizələrimi çatdırım.

Başdan deyim ki, doktoranturasını eləməklə deyil ki, marketinqin bir elm olduğu fikrinə qəti qarşıyam. Marketinq ticari bir fəaliyətdir. Daha dəb olan bir ifadə ilə - Şirkət funksiyasıdır. Sosyal və siyasi məqsədlərlə marketinq alətləri istifadə olunur... Bu ayrı bir mövzudur.

Amma elə dediyim kimi, ayrı və marketinqin ümumisi içində xırda bir mövzu...

O ki qaldı, marketinqin əsas məqsədinə... O şirkətin mənfəətini artırmaqçün edilən bütün işlərdir. O bu hədəfə istiqamətlənmiş yenilikləri, strategiyalar, haray-həşirlər, hamballıqlar vs. Hər şeydir...

Rəqabət artdıqca kompleksləşən və nəzarəti çətinləşən bir işdir.

Məsələyə buradan baxanda şirkət mənfəət əldə edirsə və satışları varsa deməli marketinq icra edilir...

Amma məncə...

Hər satış marketinqin nəticəsi deyil!!!

Həəə... Bəs onda satış göydən düşmürsə və müştərini bu addımı atmağa sövq edən zəmin hazırlanmalıdırsa yuxarıdakı cümləni necə açıqlayacayıq?

Belə görürəm bu cümləni azad və şəffaf bazar iqtisadiyatı yaşayan (nisbi olaraq – daha yüksək səviyədə) ölkələrdə açıqlamaq çətin olacaq amma adicə “monopoliya” şəraitində satış məsələsi var ki, heç kim monopoliyaya “kişi kimi” çatmağın mümkünlüyündən danışa bilməz. İstisnalar da ki, qaydanı pozmaz... Microsoft...

Odur ki, Porterin 5 rəqabət faktorunun/rəqabətçi gücünun (Five Force) əksik qaldığı rahatlıqla deyilə bilər. Bəs hökümət/dövlət?

Bu fikrimi dəstəkləyən misal vermək istədim... Sonra dedim ki, Azərbaycan belə misallarla doludu. Gözü açıq hər kəs bu misalları rahatlıqla görə bilər.

Əslində B2B-də marketinqsiz satış halları üstünlük təşkil edir. Hə bax, deyilsə ki, son istehlakçı ilə bağlı olan satışlar mütləq müəyyən marketinq fəaliyəti qarşılığı baş verir... Bununla razılaşaram. Amma o da tam deyil.

Di gəl ki, bu sahədəki, marketinqsiz satışlar da elə qaydanı pozmayan istisnalardandır.

Satışsız marketinq isə...

3 cür olur:

Biri yuxarıda bəhs etdiyim o sosial və siyasi motivli marketinq istifadəsidir ki, orada real bir satış olmasa da, nəticədə gözlənilən bir mənfəət var: siyasi nüfuz, seçicilərin səsləri, cəmiyətdəki davranış dəyişiklikləri, bilinclənmə vs.

Nəticədə bunlar gerçəkləşdikdə marketinq hədəfinə ulaşmış olur və satış gerçəkləşir.

Digər ikisi isə uğursuz marketinq fəaliyətidir. İstifadə olunduğu hal üçün keçərli olmayan marketinq addımlarının sınanması. Burada ya hədəf kütlə o fəaliyətlərə hazır olmamış olur ki, bu hal bizim kimi yetişməmiş bazarlarda əcnəbi təcrübənin uğursuz adaptasiyasına aiddir. Digər halda isə köhnəlmiş üsullar sınana bilir. Bu isə gecikmiş kopyalama hallarıdır.

Bəzən isə bu uğursuz marketinq addımları nə plagiat, nə adaptasiya, nə də imitasiya olur. Sadəcə yenilik doğru yer və zamanda ortaya atılmamış olur.

Ona görə də, marketinq əslində satışa gedən yolları “ayırtlamaq” və “asfaltlamaq”, ayrıca “eskalator çəkmək”, hətta “kənarlarına ağac əkmək” fəaliyətləri olsa da, artıq bunlardan dərinə enibdir. Ona görə də baş çıxarmaq çətinləşibdir. İndi ağacın pöhrələmə prosesini və asfaltın tərkib hissəsini bilmədən marketinqdə uğurlu olmaq olmur.

Di gəl ki, bir tərəfdə bu qədər qarmaqarışıq proseslər yaşansa da, digər tərəfdə ibtidai mübadilə üsulları ilə milyardların döndürüldüyü çarxlar mövcuddur.

Ona görə marketinqsiz də satış olur. Amma nəsə o satışdan əldə olunan pul biraz “əl çirki” olur. Ehtiyatlı olmaq lazımdı. Allah qorusun! Sonra o çirk bizimlə bərabər o tərəfə getməsin...

p.s. Təmiz marketinq – halal qazanc!

Geniş-Dar

Dünən TV-dən Türkiyənin Beynəlxalq Valyuta Fonduna (IMF) yenidən borc üçün müraciət edəcəyi və buna bənzər “böhran söhbətləri” gedirdi. Bu yerdə IMF-in kimə aid olduğu və hansı ölkənin maraqları üçün çalışdığı müzakirəsi başlandı.

Amerika deyildi... Fəqət, Amerika özü də bir məqsəd üçün var axı...

Əslində bu tipli dünyanı sümürən hər bir qurum və ya fondun başında “500 ailə”nin olduğu məlumdu. Düzdü, baxır kimə...

Müxtəlif mənbələrdən bu haqda bilgilər əldə etmiş olarsız. Böhranda ərəblər və ruslar sarsıldı. Amma başda Rokfellerlər olmaqla maqnatlar qazandı... Bilderberq qrupunun toplantıları... vs. Vi.

Adətən belə söhbətlər açılanda düşünürəm:

Axı bu gücə və sərvətə sahib olmaq üçün ciddi əziyət çəkmək və güc sərf etmək lazımdı. Üstəlik bir şey də var ki, bu gücə yiyələnmək üçün 3-5, 15-20 il yetməz. Bəlkə 30-40 il çalışacaqsan və bu səviyəyə çatacaqsan.

Bəs əgər bu işlərə 10-12 yaşında belə başlamış olsa 50 yaşında belə böyük hökmranlığa sahib olmaq nə məna kəsb edir? Tutalım bundan sonra daha 30 il yaşadın. Nəticədə, vaxt gəlir və sənin də qapını döyür... ölüm...

Sonra?

Bu suallar bizim şirkətin sahibi və departamentin dul (qadın) müdürünü də görəndə ağlımdan keçir.

Sadəcə uşaqlara daha yaxşı bir gələcək buraxmaq üçün mü?

Xeyr!

Onunçün 60 yaşında belə gecəni gündüzünə qatmağına ehtiyacı yoxdu. Çünkü onun bundan sonrakı 20 nəsli təmin olunub. Bununçün idarəetmə manyakı və dul qalacaq qədər sərbəstlik arzusuna da dəyməz.

İkinci misaldan bu dünyada çoxdu və bu güc çox limitli olduğu üçün “eqonu razı salmaq” faktoru yetir. Amma “500 ailə”nin etdikləri və gücü bu faktorun sərhədlərini çox çox aşır.

Üzərində düşünməyə dəyər...

Biraz düşündüm və əminəm ki, qısa bir ömürlə sərhədləndiriləcək bir əziyət deyil bu. Bu zəhmət ancaq ölümdən sonra da işinə yarayacaq bir şey üçündür. Daha da genişləndirim...

Məncə insanı bu qədər zəhmətə motivasiya edə biləcək yeganə şey DİNİ İDEOLOGİYAdır. Bir missiya...

Nə eqonun trilyon dollarlara və dünyada böhran çıxardıb özündən geridə qalan hissəni iflic duruma salmağa ehtiyacı var, nə də varislərinin... Eqonu razı salmaq üçün mədhiyələr eşitmək yetər, uşaqları razı salmaq üçünsə 100 milyon dollar. Daha bunlarçün kino, musiqi, idman, media, xəbər, kitablar, seriallar, markalar və ağlınıza gələ biləcək hər yoldan öz missiyasını dünyaya nüfuz etdirmək lazım deyil.

Nəticədə bu gücə sahib insanlar 30-40 il əziyət çəkib, öz əziyətlərinin meyvəsini dadmasalar da, başlarını yastığa qoyarkən böyük bir missiyanı yerinə yetirməyin həzzini dadırlar. Buna görə də, hər bir millət və onun fərdi müəyyən missiyaya köklənməlidi ki, ciddi uğurlar əldə etsin.

Bax bizdəki bu əksiklik önümüzü kəsir. Futbolçularımızın ildə bir neçə yüz min dollar maaşı gördükdən sonra oyunundakı enişin əsas səbəbi fokusun idman yox, qurduğu biznesə yönəlməsidir. Müğənnilərimizin 22 yaşında nə isə 33 yaşında da o olmasının və püxtələşməməsinin səbəbi o səviyəsi ilə toylardan kifayət qədər pul qazanmasıdır... Çünkü onlar bu işi pul üçün görür... Daha da dəqiq bəsit fiziki ehtiyaclarını ödəmək üçün... Bax Hollivudun sənətçiləri isə o idelogiyanın ən başlıca daşıyıcılarıdır...

Hələ də çox dar düşüncələr ilişib qalmışıq...

Buğda...

Madam ki, bu aralar sıxıntıdan mı, oxuya bilməməkdən mi, nədən mi bilməm heç nə yazammıram, gəlin sizə müəllifi filan da bəlli olan bir maraqlı lətifə yazım.

Lətifə məşhur sloveniyalı filosof və sosioloq Slavoj Jijek (Slavoj Žižek) tərəfindən yazılıbdı.

Deyir ki, bir gün bir kompleksli insan varmış. Özünü buğda olaraq görürmüş. Nə vaxt küçəyə çıxsa qayıdıb evə qaçırmış. Çünkü ətrafındakı bütün insanları da toyuq olaraq düşünürmüş. Və elə bilirmiş "bütün toyuqlar" onu yemək isəyir.

Beləcə dəli olmaq üzərə olan "bizim buğda" gedir həkimin yanına ki, bircə sən insan adamsan:) bəs kömək elə bu toyuqlar məni yeyəcək. Həkim də buna seansın biri 50 dollardan psixoloji məsləhətlər verir. Nəysə ki, gəl zaman get zaman buğda yavaş yavaş qol-qanad açır və insan olduğunun fərqinə varmağa başlayır.

Düzü bu proses də problemli olur biraz. Çünkü nəticədə bir insan yetişdirmək elə asan şey deyil.

Amma nəhayət bu "buğda" "hazıram və küçəyə çıxa bilərəm" deyib qədəm basır el içinə.

...

Amma biraz keçmir ki, təngənəfəs qayıdır doxturun yanına...

Həkimin nə sual verdiyini və nə təlqin etdiyini təxmin etmək olar.

Bizim "buğda" isə o an cavab verir:
"Mən buğda olmadığımı başa düşdüm e... Bəs hardan bilim ki, onlar da toyuq olmadığını anlayıb?"
...

p.s. ...

Niyə dil?

Türklərin bir qəşəng sözü var: “Bir lisan, bir insan!”

Bu sözün dərinliyini düşünəndə fərqli dilləri bilməyin necə dəyərli bir şey olduğu ortaya çıxır. Dil ilə bağlı maraqlı yanaşmalar var. Yəqin ki, hər kəsə maraqlıdır ki, bütün insanoğlu Adəm peyğəmbərin nəslindən gəldiyi halda niyə belə fərqli irqlər və ən əsası fərqli dillərdə danışan insanlar mövcuddur...

Bu mövzuda müxtəlif fərziyələr mövcud olsa da, onları hələlik saxlayaq. Gələk ona ki, dil bir millətin xəmirini yoğuran ən vacib faktoların da ən vaciblərindəndir. Hər bir millət öz həyat tərzini, mənliyini və mentalitetini öz dilində daha yaxşı anlayır, qavrayır və açıqlayır.

Dilin tərkibində mövcud olan/olmayan sözlər belə o millətin necəliyi ilə bağlı ipucları verir.

Deməli belə...
Buraya qədər hər millətin mənliyinin ifadəsi olan və ona məxsus olan dildən bəhsetdik. Daha doğrusu dilin kimlik bildirən və ayırıcı xüsusiyətindən. Amma bir də dilin ünsiyət vasitəçiliyə də var axı.

Yəni millətləri bir-birindən ayırıb müəyyən coğrafiyada yerləşən kütlənin ortaq nöqtəsi olduğu kimi, məsələyə qlobal yaxınlaşdıqda da fərqli millətdən olan insanlar bir-biri ilə dil vasitəsilə ünsiyətə keçir.

Burası da aydındı.

İndi yuxarıda yazılan bilgilərə biznes və marketinq cəhətdən yanaşaq.

İnsanlar dil vasitəsilə ünsiyət qurur. Milliyətindən və ana dilindən asılı olmayaraq bunu yerinə yetirmək üçün məhz danışıq lazımdır, mimika və jestlər yetməz. Amma insanların özünü ən yaxşı ifadə etdiyi dil ana dilidir. Ya da... Ana dili qədər səlis istifadə etdiyi başqa bir dil.

Buradan son vaxtlarda Azərbaycanda və hətta hər yerdə işəgötürmə zamanı ingilis dilinin niyə belə əhəmiyətli sayılmağına doğru gələ bilərik. Əminəm ki, tələblər arasına əcnəbi dil əlavə edənlər “bir mühasibin ingilis dili nəyinə lazım axı” sualını özlərinə vermir də. Amma top menecment deyilən səviyədəki insanlara bu lazımdır. Ona görə yox ki, dəb belədir. Ona görə ki, artıq biznes dünyasının dili bu olub. Biznes isə çox qloballaşıb. Elə bunu demişkən əlavə edim ki, 2 il ərzində ingilis dilini 2 yazışmada istifadə edəcək olan işçidə “fluent english” axtarmaq və hələ buna görə 200 manat artıq maaş vermək ağılsızlıqdır... ki, bazarda bu səhvi buraxanlar xeylidir.

Yaxınlarda Davosda Tayyib Ərdoğanın çıxışını hamı gördü. İngilis yox, məhz türk dilində danışırdı. Məhz də bu səbəbdən. Fikirlərini daha səlis və rahat ifadə etmək... Onun ingilis dili bilgisi həmin nitqi ingiliscə səsləndirməyə də imkan verir amma...

Bax bu yerdə tərcüməçilərin rolu ön plana çıxır. Ən ali rütbəli menecer səlis bildiyi dildə fikirlərini ifadə edir və bilir ki, o qarşı tərəfə lazımi şəkildə çatacaq. Bu da biznes.

Çin dilinin aktuallığının artması mütləq yada salınmalıdı. Çinin hər küçəsində emalatxana var. Və orada bir sahib və 30 fəhlə var. Onların işi modeli görüb ən qısa vaxtda minlərlə kopyasını istehsal etməkdir. O sahib əksərən ancaq çin dilini bilir. Orada bir də komisyonerlər var. İngilis dili bilirlər və əcnəbilərin o emalatxanalarla anlaşmasını təmin edirlər. Dolayısıyla əcnəbi sifarişçi çin dilini bilsə emalatxanayla birbaşa əlaqə saxlayıb xərtcləri minimuma endirə bilər.

Son zamanlarda ən dəbdə olan dillər arasında çin dilindən savayı ərəb, rus və ispan var. Çünkü bu dilləri danışan insanlarda çoxlu pul və perspektiv var.

Dünya belə dünyadı... Pul və güc kimdədisə onu dilində danışır...