Azərbaycan maşın bazarının... dünəni, bugünü və sabahı - 1

Nə vaxtdı yazmaq istədiyim mövzudu bu. Rüstəm də istəyirmiş amma obyektiv və subyektiv, hətta primitiv və intensiv səbəblərdən dolayı qələmə ala bilməyir(b). Onda dedim madam ki, axır vaxtlar da dostlarla müzakirələrdə bu məsələ tez tez gündəmə gəlir, yazmaq lazımdı. Bəri başdan deyim ki, fikirlərim çoxuna mübahisəli gələ bilər, oxuyanda kompyuteri sındırmaq fikrini filan düşməyəsiz.

Bir də mövzu o qədər genişdir ki, haradan başlayıb, haralarda fasilə verib, çay içib, harada başımı qaşıyıb biraz düşünüb, harada da dərin nəfəs çəkib bitirəcəyimi bilmirəm. Nəysə... Başlayaq!

Azərbaycan üçün avtomobil əslində elə də köhnə bir anlayış deyil. Dəqiq bilmirəm hərhalda son 30-40 ilə qədər maşın sahibi olmaq “elita” olmağın kafi şərti sayılırdı. Amma inanın o “kafi şərtə” sahib olmaq özüylə bərabər xeyli də şərt tələb edirdi. Uzun sözün qısası heç nə demirəm “Təhminə və Zaur”un çəkildiyi dönəmlərdə belə - 20-25 il öncə Qaz-24 Azərbaycanda Lexus kimi bir şey idi. Yəni avtoya sahib olma mədəniyəti bizdə əsasən müstəqillikdən sonra yayıldı. O vaxtacan isə nə belə bir sektor, nə də bu sektorda rəqabət deyilən bir şey yox idi.

“Azərbaycan avto bazarının srağagünü” demək olar buna.

"Ağsaqqal" QAZ-24 qocalıb artıq...

Daewooooooo... Nexia. İndi maşın sayılmaz yəqin ki...

Müstəqillikdən sonra millət zəncirlərini qırdı, şirkətlər isə sərhədləri aşdı. Bir müddət daha bazarda Rus markaları “maşın oynadırdı”. Azərbaycanı ciddiyə alan ilk markalar o dövrlərdə 06 və 07”dən fərqli dizayna sahib olmağın üstünlüyü ilə əlində 5-10 qəpiyi olan Azərbaycanlını salonuna çəkə bildi. Bunlar əsasən Asiyalılar oldu. Əslində diqqət edilsə Koreya avto sənayesinin inkişafı 1990larda etibarən başlayıb... Daewoo və Hyundainin Azərbaycana qədəm qoyması ilə. Deməli Azərbaycan Asiyanın Avropaya və Dünyaya açılan qapısıdır. Ay Allah! Necə məqamdan, necə pafoslu bir cümlə çıxardım e. Nəysə... O dönəmlərdə Nissan da cəld tərpənənlərdən oldu.

Amma küçələri yenə sovet maşınları bəzəyirdi. Üstəlik də bazar üzərində savaşacaq və “qan tökəcək” (qan=pul – şirkətlər üçün) səviyədə deyildi. Daha sonra Almaniya, Hollandiya və digər Avropa ölkələrindən ikinci əl maşınları ölkəyə dartıb gətirməyin sehri kəşf olundu. Bu hələ də vaz keçilməyən, əksinə sərhəddi genişlənmiş bir üsuldur. Amma “təzə maşın”ın dadına vardıqca və ən əsası hüquqi düzənləmələrlə bu proses çətinləşdirildikcə “boz idxalat” aradan qalxacaq... Böyük ehtimal... Zaman göstərər...

Azərbaycan bazarı üçün maşın, avtoşların vazkeçilməzi: VAZ 2107

Azərbaycanda maşın bazarının bugünü 2000lərdə başladı demək olar. Elə yaşadığımız onilliyin sonuna doğru da “gün” bitəcək. 21ci əsrin başlanğıcı maşın dünyasına da yeniliklər və dinamklik gətirdi. Əslində biraz da “əcaibləşdirdi”. Bizdə isə neftin pulları “yaşıllaşdıqca” və parıldadıqca əcnəbi divlərin tamahı düşdü. Nəticə etibarilə, hamı Bakının kələ kötür asfaltlarını markasını daşıyan dördtəkərlilərlə doldurmaq həvəsinə düşdü. Nissan “köhnə qurd” kimi hamıdan təcrübəli olsa da, elə “köhnə” qaldı. İllərlə lider olmağın rahatlığı ilə yöndəmsiz marketinq birləşdi və mövqe itirildi. Hyundai qlobal dinamikliyi Azərbaycan şərtlərində kifayət qədər əks etdirə bildi. Hamı Bakıda distribyutorunun açılışına can atdı. Reklamlarda artıq maşın adlarını daha çox eşitdik. Az qala uşaq verilişlərində də sponsorluqları maşın firmaları almağa başladı. Asiyalılar və Amerikalılar bazarda hökmran olmaq üçün ölümünə yarışmaq iddiasıyla ortaya atıldı. Amma hələ də, adamın ürəyini açan marketinq göstərən markaları bir əlin barmaqlarıyla sayıb rahatca qurtarırıq.

Nissanın bir zamanlar Maximası flaqmanı idi...

Artıq Subaru, Mazda, Honda, Opel kimi markalar da bazarımızda satmaq istəyir. Marketinq əməliyatlarını yöndəmsizliyi çoxunun başının bəlasıdır. Subaru xüsusi marka olduğunu unudub reklamlara girişib. Mazda da eyni səhvi etsə heç. Nissan artıq köhnə düşüncədən xilas olmalıdır. Bazarımıza uyğun Pathfinder, Navara, Armada, Teana, Primera vs.sini normal sata bilmir və Sunny-Tiida cütlüyü ilə camaatın gözünü suluq (mazol) edib.

Prado Prado Prado!

Azərbaycan bazarının divi: Hyundai Sonata

Sabah qalsın sonraya bugünü toparlayım.

Hazırda Azərbaycan avto bazarı ən parlaq günlərini yaşayır.

Şirkətlər az qala nəyi gətirsə qısa müddətdə satır. Bəzi markalar hətta normaldan baha olan qiymətləriylə belə yüksək bilinirlik sayəsində satış sayını xeyli artırır. Bu partlayışın iki təməl səbəbi var: insanları təzə maşına olan yönəlişi və ölkədə pulun artması. Əsas məsələ isə artıq orta və ortanın üstü seqmentlərinin xeyli genişləməsidir. Bir də kreditli satışların yayılmasını məsələyə çox dəxli var...

Düzgün idarə edilsə gələcək Hondanındı

Elə növbəti yazıya da buradan davam edəcəyik...

2 yorum:

Rüstəm Məmmədov dedi ki...

Bu yazi ne vaxt yazilib axi?:)

Əla...

Nissan "Sanballı kişilər üçün" reklamları ilə Maximanı əla yerləşdirdi bazara. Sözlərin seçiminə nə qədər etiraz edilsə də, Maxima çox uğurlu oldu.. Sonra Nissan kiçik modellərdə ilişib qaldı və bütün gücünü C segmentə verdi demək olar. Satışlarınını 65-70%-ai C segmentin payına düşür demək olar...İki ildir fasiləsiz Sunny və TIIDA reklamı verir Nissan fikir vermisnizsə..Üstəlik Nurgün sahib olduğu markalardan çox az qala Nurgün adını önə çıxarır ki, bu da mənfi haldır...

Uğursuzluq və sonra təkrar diriliş isə KIA nümunəsindədir. İlk dəfə Çelik Motors Azərbaycanda KIA satmağa başlayıb. Mənim yadımdadır o vaxtlar Shuma bazarı doldurmuşdu..Mənim də çox xoşum gəlirdi. Sonra KIA məhv oldu. İndi təkrar diriliş dövrünü yaşayır və bazarın imkabnlarından maksimum istifadə etməyə çalışır.

Əsas problem isə işlənmiş avtomobillərin bu qədər kütləvi idxalı və grey importdur. Xüsusen de premium markalar və bahalı modellər üçün grey import baş bəlasıdır.

Hörmətlə,

Vüsal A.G. dedi ki...

Çoxdaan yazılıb ay Rüstəm :)

Azərbaycanın maşın bazarıyla bağlı kitab yazmaq olar e. Kaş o bilgilərə əlimiz çata. O vaxtlar fərqli şərtlərdə gedirdi mübarizə.
İndi isə tamam fərqlidir.

Hazırda bazarda oyunçu çox görünsə də, əslində rəqabət əvvəlkindən azdı. 2-3 il sonrakının yanında heç nə olacaq.

Qarşılıqlı hörmətlə,